Bu gün, 18 dekabr tarixində TƏBİB-in təşkilatçılığı ilə keçiriləcək “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri baş tutur. SİA xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov iştirak edirlər.
“Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunacaq tədbir iki paneldən ibarət olacaq.
Tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.