"İnformasiya texnologiyalarının sürətli inkişafı yaşadığımız dövrdə informasiya istehsalını və yayımını sürətləndirir. İndi hər bir insan ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Amma gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir: "İnsanlar özləri doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur".
Ekspert qeyd edib ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür: "Qanunun tələbinə uyğun olaraq, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində işlər həyata keçirirlər. Bu sahədə ən sistemli proqramlar Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanaraq icra olunur. Agentlik media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün 2023-cü ildə “Medialiteracy.media.gov.az” portalını yaradaraq istifadəyə verib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Agentlik, həmçinin, çoxsaylı konfranslar, seminarlar və təlimlər təşkil edib. Bu günlərdə “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır".