Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək - YENİLƏNİB

17 Dekabr 2024 16:11 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci İclasında çıxış edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir çıxış edərək Azərbaycanın CICA-ya sədrliyinin xüsusilə əlaqə, rəqəmsallaşdırma, eləcə də Asiyada davamlı inkişaf sahələrində prioritetlərindən danışıb.

“CICA-nın institusionallaşdırılması, o cümlədən onun tamhüquqlu beynəlxalq təşkilat kimi maliyyə potensialının gücləndirilməsi Azərbaycan sədrliyinin prioritetləri sırasında olacaq.

Azərbaycan sədrliyi həmçinin inklüziv regional platforma kimi qlobal mövqeyini artırmaq üçün CICA-nın digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıqlarını genişləndirməyə diqqət yetirəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə 2020-2024-cü illərdə Qazaxıstan sədrlik edib.