""Soyuq əllər, isti ürək"də hər şey nağıl kimidir" - REPORTAJ

17 Dekabr 2024 15:59 (UTC+04:00)

Hər il ənənəvi olaraq "Nargis" Fondu tərəfindən Fəvvarələr Meydanında təşkil olunan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası bu il də təşkil edilib. Təşkil olunmuş yarmarka sakinlərin və turistlərin diqqət mərkəzindədir. Yarmarkada qurulmuş xeyli sayda evciklərdə yeni il aksesuarları, yeni il hədiyyələri, suvenirlər, təbii əl işləri və eyni zamanda kofe, çay, eləcə də, digər isti və soyuq içkilər vətəndaşlara təqdim olunur. Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir. Bu il yarmarkada qiymətlərdə dəyişiklik varmı, yoxsa keçən illə eynidir? İnsanlar daha çox almağa, yoxsa baxmağa gəliblər? SİA yarmarka və qiymətlərlə bağlı sakinlərin fikirlərini öyrənib.

Şəhər sakini Şəbnəm Mirzəyeva: "Biz 2016-cı ildən fəaliyyət göstəririk. Burada işləyirəm. Məhsullarımız Holland pankekləridir. Həmçinin də, kreplər hazırlayırıq. Eyni zamanda çaylar, kofelər münasib qiymətədir. Qonaqların gəlməsini gözləyirik. Ümumi abu-hava da çox gözəldir. Alıcılıq qabiliyyəti yaxşıdır. Yarmarka dünən açılıb. Dünən çox insan var idi. Hazırladığım Holland pankekidir. Nutella və meyvələrlə hazırlayırıq. Hər cibə uyğundur".

Şəhər sakini Şəbnəm Ağazadə: "Daha çox almağa gəlmişik. Amma həm də baxırıq. Keçən ilki qiymətlərlə bu ilki qiymətlər arasında fərq olub-olmadığına baxırdım. Deyəsən, keçən ilə baxanda artıb. Hələ hamısına baxmamışıq. Seçim etməmişik. 15-20 dəqiqədir ki, gəzirik. Yeni il abu-havası var. Onsuz bu Yeni il yarmarkasında həmişə gözəl əhval-ruhiyyə olur. Bu il də eynidir. Bu yarmarkanı çox sevirəm ".

Turist Jofer Peterson: "Yeni il yarmarkasını çox sevdim. Burada hər şey nağıl kimidir. Möcüzəli və gözəldir. Mən Azərbaycanı çox sevirəm. Yeni ili Azərbaycanda qarşılamaq planlarım var. Ümumi bayram əhval-ruhiyyəsi müşahidə olunur. İnsanlar çox mehribandır".

Şəhər sakini Fidan Məlikova: "Yarmarkaya yemək üçün gəlmişəm. Hələlik bir stendə yaxınlaşmışıq. Hamısı ilə tanış olmamışıq. Qiymətləri qaldırıblar. Amma satılan yeməklərin dadı ləzzətlidir. Yarmarkaya hər il gəlirəm. Buranı çox sevirəm. İnsanı başqa aləmə aparır, nağıl dünyası kimidir. Uşaqlar üçün daha maraqlı olsa da, böyüklər üçün də maraqlı tərəfləri çoxdur. Dostlarla əylənmək, sevdiklərinizlə vaxt keçirmək üçün münasib yerdir".

Şəhər sakini Məryəm Məmmədova: "Yarmarkanı çox bəyəndim, çox xoşuma gəlir. Hələ bu ilki yarmarkaya təzə gəlmişəm. Dünən açılıb. Hər il də gəlirəm. Ətrafda hər şey gözəldir, yeməklər dadlıdır. Karusellər, maraqlı suvenirlər var. Bura uşaqlar üçün daha əyləncəlidir. Mən vaxtımı yarmarkada keçirdiyim üçün sevinirəm. Qiymətlər bir az çox olsa da, yarmarka üçün uyğun olduğunu düşünürəm".

Şəhər sakini Mələk Abbasova: "Yarmarkaya daha çox yararlanmaq üçün gəlmişəm. Hər il burada oluram. Qiymətlərdən razıyam, münasibdir. Yeni il abu-havası isə çox hiss olunur. İnsanların üzündə sevinc, bayram əhval-ruhiyyəsi var".

Şəhər sakini Gülşərəf Zülfüqarova: "Həm baxmağa, həm də almağa gəlmişəm. Keçən ilə nisbətən görünüş daha yaxşıdır, amma qiymət baxımından deyə bilmərəm. Ümumi abu-hava hava çox yaxşıdır. Yeni ilin gəlişi hiss olunur. Bu il də bayram sevincini hiss etmək olur".

Şəhər sakini Zəhra Zülfüqarova: "Tələbəyəm. Gəlmişəm ki, görüm, necə əhval-ruhiyyə var. Çox bəyənirəm, gözəldir. Qiymət baxımından eynisini demək olmaz. İnsanların üzündə təbəssüm var. Bu çox xoşuma gəlir. Yeni iliniz mübarək olsun".

Burada olarkən bir daha müşahidə edirik ki, ziyarətçilər arasında Yeni il əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir. Təşkil olunmuş xeyriyyə yarmarkasına yerli vətəndaşlar kimi xarici qonaqların da marağı və kütləvi axını müşahidə olunur. Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında vaxtın necə keçdiyindən xəbər tutmaq olmur. Burada insan rahatlıq tapır, həm də əsl Yeni il ab-havası yaşayır.