Dekabrın 29-da Gürcüstanın eyni vaxtda iki prezidenti olacaq?..

18 Dekabr 2024 00:16 (UTC+04:00)

...Deməli, dekabrın 14-də Gürcüstanda parlamentdəki yeganə partiya özünün bu vəzifəyə irəli sürdüyü yeganə prezidentliyə namizədi qələbə münasibətilə təbrik edib.

SİA-nın əvvəl də xəbər verdiyi kimi, keçmiş futbolçu Mixail Kavelaşvili seçki kollegiyasının üzvlərindən mümkün 300 səsdən 224 səs toplayıb.

Qeyd edilməlidir ki, seçki kollegiyasında parlament deputatları və hakim “Gürcü Arzusu” partiyasının regional hakimiyyət orqanlarının nümayəndələri çalışır.

...Və müxalifət bu seçkilərə qatılmayıb.

O da qeyd edilməlidir ki, 2017-ci ildə yenilənmiş konstitusiyaya görə, Gürcüstan parlament idarəetmə formasına malik dövlətdir. Prezidentin funksiyaları əsasən təmsilçi funksiyalardır. Ona görə də onu əhali deyil, seçicilər kollegiyası seçir. Ölkədə əsas məmur isə baş nazirdir.

...Mən əminəm ki, Mixail Kavelaşvilinin bu ən mühüm vəzifəyə seçilməsi Gürcüstanın dövlətçiliyinin və suverenliyimizin möhkəmlənməsinə, o cümlədən ölkədə radikalizmin və qütbləşmənin səviyyəsinin azalmasına mühüm töhfə verəcək Bir dəfədən çox dediklərimə diqqət yetirin ki, 20-dən çox Gürcüstanda illərdir vətənpərvər və əqli cəhətdən balanslı prezident yoxdur...

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Bu gün ölkədə Kavelaşvilinin əleyhdarları onu balanssız və həddən artıq qızğın olmaqda ittiham edirlər.

Deputat kimi o, siyasi opponentlərlə çəkişmələrdə tez-tez nalayiq ifadələr işlədən şəxs kimi yadda qalıb. Kavelaşvili haqqında çox şey məlum olmasa da onun 53 yaşı var, ailəlidir və dörd övlad atasıdır.

Keçmiş futbolçu olan o, əsasən İsveçrə klublarında, eləcə də ingilislərdə və hətta Vladiqafqazdan Rusiyanın “Alaniya”sında çıxış edib. Onun parlamentin rəsmi saytında “təhsil” bölməsindəki səhifəsi boşdur. Ali təhsil diplomu olmadığı üçün Kavelaşvili bir vaxtlar Gürcüstan Futbol Federasiyasına rəhbərlik edə bilməyib.

Amma göründüyü kimi, bu onun prezident olmasına mane olmayıb. Kavelaşvilinin namizədliyini irəli sürmüş hakim “Gürcü arzusu” partiyasının təsisçisi, fəxri sədri, oliqarx Bidzina İvanişvili onun üstünlükləri arasında “ədəb-ərkan, ədalət, vətənpərvərlik” və xarici görkəmi göstərib.

Oliqarxın fikrincə, Kavelaşvili “gürcü kişisinin ən yaxşı təcəssümüdür”.

Yeri gəlmişkən, prezident seçkiləri günlərlə davam edən etirazlar və siyasi böhran fonunda baş tutub.

…Və Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili Kavelaşvilinin legitimliyini, eləcə də oktyabrda keçirilən və “Gürcü arzusu”nun qalib elan olunduğu parlament seçkilərini tanımır.

Xanım prezident birbaşa bildirir ki, o, səlahiyyətlərini yalnız legitim parlament tərəfindən seçiləcək prezidentə verəcək.

...Bildirək ki, Kavelaşvilini artıq prezident təbrik edən ölkələr olsa da, Qərb liderlərindən təbrik gözləməyin mənası yoxdur.

Hətta “Gürcü arzusu”nun yaxınlaşdığı Rusiyadan da təbrik gəlməyib.

Xatırlatmaq bəlkə yerinə düşər ki, o vaxt Kavelaşvili parlamentdə Vladimir Putinin anasına, eləcə də onun analarının ünvanına açıq-aşkar ədəbsiz söyüşlər yağdırması ilə tanınıb.

…Daha bir maraqlı nüans. Deməli, bu günlərdə“İmedi” telekanalına müsahibə verən Kavelaşvili, nalayiq sözlər işlətməsini “səmimi olması” ilə əlaqələndirib.

Və bir də söyüş söyməyəcəyinə söz verib..?

O, həmçinin oliqarx İvanişviliyə bu şərəfə görə təşəkkür edib və hökumətin və parlamentin fəaliyyətinə qarışmayacağına söz verib.

…Kavelaşvilinin andiçmə mərasiminin dekabrın 29-da keçirilməsi planlaşdırılır. Harada və hansı formada hələ ki, bilinmir.

O da maraqlıdır ki, həmin gün Gürcüstanda iki paralel prezident olacaq: hakim partiya tərəfindən seçilən Mixail Kavelaşvili və 2018-ci ildə gürcü xalqı tərəfindən seçilən, vəzifəsini tərk etməkdən imtina edən Salome Zurabişvili. Etiraf edilməlidir ki, dekabrın 29-da o, dövlət müdafiəsi hüququnu itirəcək və hakimiyyət onu iqamətgahdan çıxarmağa cəhd edə bilər.

Əli Babayev