Tibbi xidmətlərə müraciət 22milyonu aşıb - ZAUR ƏLİYEV

17 Dekabr 2024 11:21 (UTC+04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyətinə dair baş tutan mətbuat konfransında 2024-cü ilin ilk 11 ayı üzrə əldə edilən nəticələr barədə əhəmiyyətli açıqlamalar verib. SİA bildirir ki, Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

​Xidmətlərin sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Zaur Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
​Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. Zaur Əliyev vurğulayıb ki, bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir.

​2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.

Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.

Ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir.

Ülkər Rəhmanqızı