Bitkoin 106 min dolları keçib

16 Dekabr 2024 21:42 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp strateji bitkoin ehtiyatı yaratmaq barədə planlarını açıqlayandan sonra rəqəmsal valyuta rekord həddə yüksəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dünyanın ən böyük və ən məşhur kriptovalyutası olan bitkoin maksimum 106 min 533 dollara çatıb. “Efir” kriptovalyutası 1,5 faiz artaraq 3965 dollar olub.

Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi NASDAQ 100 indeksinə “MicroStrategy”nin (aparıcı müəssisə analitika platformasına malik ən böyük müstəqil biznes analitikası şirkəti) daxil edilməsi də investorların əhvali-ruhiyyəsini artırıb. Bu, çox güman ki, bitkoin alıcısına çevrilmiş “MicroStrategy” üçün vəsait axınının artmasına səbəb olacaq.

“CoinGecko”nun məlumatına görə, iyul ayından etibarən dünyada hökumətlər ümumi bitkoin tədarükünün 2,2 faizinə malik idi. ABŞ-da isə 200 minə yaxın bitkoin var ki, bu da hazırkı səviyyədə 20 milyard dollardan çoxdur.

“BitcoinTreasuries” veb-saytına görə, əhəmiyyətli miqdarda bitkoini olan digər ölkələr Çin, Böyük Britaniya və Butandır.