Dekabrın 16-da Almaniya parlamentində - Bundestaqda Federal Kansler Olaf Şoltsun koalision hökumətinə etimad səsverməsi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azad Demokrat Partiyanın (FDP) ayrılmasından sonra Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyasından ibarət koalision hökumət fəaliyyətini davam etdirməsi üçün lazımi səs çoxluğunu toplaya bilməyib.
Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs verib, 116 deputat isə bitərəf qalıb. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.
Hökumətə etimad göstərilməməsi nəticəsində Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən geci 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyalarının növbədənkənar seçkilər üçün daha əvvəl razılaşdırdığı tarix – 23 fevral bu müddətə uyğun gəlir.
Xatırladaq ki, Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyası yaranan hökumət böhranını aradan qaldırmaq üçün etimad səsverməsinin keçirilməsini qərara almışdı.
Bu, Almaniya Federativ Respublikasında sayca altıncı etimad səsverməsi olacaq. Bundan əvvəl 1972-ci ilin sentyabrında, 1982-ci ilin fevralında və dekabrında, 2001-ci ilin noyabrında və 2005-ci ilin iyulunda etimad səsvermələri keçirilib.