“Media savadlılığı” Həftəsi çərçivəsində Azərbaycanda olan bir qrup media nümayəndəsi dekabrın 16-da AZƏRTAC-ı ziyarət edib. SİA bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştiraklarını, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotolara, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət eksponatlara baxıblar.
İştirakçılar AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olublar. Onlara jurnalistin həyat yolu barədə ətraflı danışılıb.
AZƏRTAC-ın fəaliyyəti ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, gün ərzində agentliyin informasiya resurslarında Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər dərc edilir, foto və videomateriallar yerləşdirilir, qurumun 23 ölkədə müxbir məntəqəsi mövcuddur.
Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən AZƏRTAC hazırda 11 beynəlxalq və regional media qurumunun üzvüdür. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Şurası, Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), İslam Ölkələri Xəbər Agentlikləri Təşkilatı (UNA) və digər beynəlxalq informasiya platformalarının üzvüdür.
Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.