Dekabrın 16-da Bakıda Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorçuluğa Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən “Terrorçuların kiberməkandan istifadəsi – ümumi yanaşma” mövzusunda təlim kursuna başlanılıb. SİA xəbər verir ki, dekabrın 20-dək davam edəcək təlimlərdə ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Kurs çərçivəsində terrorçuluğun asimmetrik təhdid qismində beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhlükələr, müasir texnologiyaların yaranması fonunda terrorçuluq fəaliyyətinin meydana çıxan yeni növləri, o cümlədən kiberterrorçuluğa qarşı mübarizə tədbirləri müzakirə olunacaq.
Təlim kursunda iştirakçılar, həmçinin terrorçuların kiberməkandan istifadəsi ilə əlaqədar yaranan təhdidlər, terror aktlarının həyata keçirilməsi məqsədilə kiberməkandan istifadə olunması metodları, terrorçuların kiberməkandan istifadəsinə qarşı mübarizədə milli və beynəlxalq səviyyədə atılan addımlar, habelə digər məsələlər barədə məlumatlandırılacaq.