Dekabrın 16-da Media Savadlılığı Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında könüllülər üçün “Media Savadlılığı” mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, təlimçi, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova müasir dövrdə xüsusilə gənclərin sosial medianın və müxtəlif rəqəmsal platformaların fəal istifadəçiləri olaraq məlumatı operativ formada qəbul edərək paylaşdıqlarını, bu səbəbdən onların düzgün və etibarlı informasiyanı ayırd edə bilmələri, həmçinin dezinformasiyalardan qorunmaları üçün media savadlılığının böyük önəm kəsb etdiyini bildirib.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd həssas istifadəçi qrupu hesab edilən gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təminində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim edilib.