Gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur. SİA xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının 100 illiyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, metodik kabinetlər yaradılacaq: "Keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır. Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımi şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin".