"Bu trendi rüşvətə bağlamaq qətiyyən düzgün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

16 Dekabr 2024 15:35 (UTC+04:00)

"Ötən həftənin əsas təhsil trendi məktəblərdə, eləcə də, ali təhsil müəssisələrində şagirdlər tərəfindən müəllimlərə şokolad hədiyyələrinin verilməsidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, bu trend xüsusi əyləncəli şəkildə təqdim edilirdi: "Sosial şəbəkələrdə, ümumiyyətlə, cəmiyyətdə böyük marağa səbəb oldu. Düzdür, bunun müəyyən qədər mənfi tərəfi odur ki, adətən öz qırmızı xəttindən kənara çıxması, təhsildə bir çox maraqlı məqamlar, vacib problemlərin həlli yolları qaldığı halda əsas diqqətin bunun üzərinə fokuslanması kimi hallar ürəkaçan deyil. Amma ümumilikdə götürdükdə bunu rüşvətə bağlamaq, hər hansı tədris prosesində, pedaqoji işin təşkilində neqativ hadisəyə bağlamaq yolverilməzdir. Çox təəssüflər olsun ki, biz bu cür halların da şahidi oluruq. Şagird, tələbə tərəfindən müəllimə şokoladın hədiyyə edilməsi qətiyyən rüşvət faktoru sayıla bilməz. Məsələ hadisənin maddi tərəfindən getmir, məsələ onun missiyasından gedir.

Doğrudur, şəxsən mən də bu trendə nəinki qoşulmağı, ümumiyyətlə, bu trendi təhsilə faydalı hesab etmirəm. Şagird və müəllim sevgisini, onlar arasındakı müsbət qarşılıqlı münasibəti göstərən başqa məsələlər də ola bilərdi. Amma bu hadisəni rüşvətə bağlamaqla qətiyyən razı deyiləm. Burada müəyyən bəsitlik, sünilik axtarmaq olar. Təhsildə N qədər problemlər ola-ola bunun üzərində fokuslanmağı qeyri-təbii proses adlandırmaq olar. Amma bu trendi qətiyyən rüşvətə bağlamaq düzgün deyil".