"Media savadlılığı dövlət orqanları, ictimaiyyət, media orqanlarının fəaliyyəti üçün və media mənsublarının öz funksional fəaliyyətlərini daha düzgün qurması üçün olduqca əhəmiyyətli bir gündəm mövzusudur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, nəzərə alsaq ki, müasir şəraitdə süni intellektin imkanları misilsiz şəkildə geniş olduğunu daha parlaq, qabarıq şəkildə nümayiş etdirməkdədir: "Belə şəraitdə media savadlılığının daimi və fasiləsiz şəkildə gündəm mövzusu kimi saxlanılması və bu mövzu üzərində işlənilməsi olduqca vacibdir. Media savadlılığı həm dövlət, həm cəmiyyət, həm də media orqanlarının özü üçün vacibdir. Çünki bu, birinci növbədə dövlət, cəmiyyət və vətəndaş fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün dəqiq və dürüst informasiyaların nə qədər önəmli rol oynadığının dərk olunmasından ibarətdir. Əgər dediyim subyektlər - dövlət, vətəndaş, cəmiyyət dəqiq informasiyaların rolunun nədən ibarət olduğuna lazımi qiymət vermirsə, belə şəraitdə informasiya savadlılığı demək yarımçıq şəkildə dərk olunan mövzudur. Digər tərəfdən informasiya mənbələri ilə ən effektiv əməkdaşlıq mexanizmlərinin qurulması da media savadlılıq çərçivəsində nəzərdən keçirilməli olan istiqamətlərdən biridir.
Ən obyektiv və dəqiq informasiya mənbələrinə əlçatanlığın təmin olunması media azadlığının bizim nəzərimizcə vacib istiqamətlərindən biri sayılır. Eyni zamanda cəmiyyətin media savadlılığı cəmiyyət və media orqanlarının ilk növbədə feyk informasiyanın dəqiq informasiyalardan ayırmaq bacarığı və təcrübəsi deməkdir. Həqiqətən, media savadlılığı lazımi səviyyədə deyilsə, insanlar çox vacib olan dürüst informasiya ilə feyk informasiyanı bir-birindən ayıra bilməyəcəklər. Burada vacib olan odur ki, cəmiyyət, insanlarımız feyk informasiyanın təsiri altına düşməzdən əvvəl bu informasiyanın nə qədər dürüst, dəqiq və hansı mənbələrdən gəldiyinə diqqət yetirsinlər. Bunlara da media savadlılığı anlayışının müəyyən səviyyədə dərk olunması sahəsində nail olmaq mümkündür. Çünki indiki şəraitdə informasiya həm də güclü silahdır. Bu silahı yaxşı məqsədlə də, pis məqsədlə də işlədənlər var. Bu şəraitdə süni intellektin imkanlarını da əlavə etsək, informasiyaların hazırlanması, yayılması və auditoriyalara çatdırılmasının ən effektiv mexanizmlərinin tapılması olduqca vacibdir ki, buna da yalnız media savadlılığı ilə nail olmaq mümkündür. Media savadlılığından məhrum olan cəmiyyəti istənilən istiqamətdə yönəltmək mümkündür. Media savadlılığı lazımi səviyyədə olmayan cəmiyyətin rəyini istənilən istiqamətdə yönəltmək çox təəssüflər olsun ki, hətta dövlət və ictimai mənafelərin əleyhinə də yönəltmək mümkündür".
"Biz indi müəyyən xarici mərkəzlərdən Azərbaycanın ictimai və dövlət maraqlarına qarşı, idarəçilik əlehinə, vətəndaşların milli-mənəvi hissiyyatlarına və milli-mənəvi dəyərlərinə qarşı nə qədər dezinformativ hücumların təşkil olunduğunu görürük. Təcrübə göstərir ki, bu dezinformativ hücumların böyük əksəriyyəti məhz media savadlılığının lazımi səviyyədə olmadığı səbəbdən hədəflərə dəyə bilir. Belə şəraitdə media savadlılığı həm cəmiyyətin özünün yanlış informasiyaların təsiri altına düşməkdən ən etibarlı sığorta mexanizmidir, eyni zamanda dezinformasiya ilə süni intellektin zərərli imkanları ilə Azərbaycan cəmiyyətinə xaricdən təsir göstərmək istəyən mərkəzlərin fəaliyyətini neytrallaşdırmağın ən gözəl üsuludur. Media savadlılığı dövlətə, ictimai mənafelərə, medianın özü üçün əvəzsiz əhəmiyyətə malik olan bir institutdur" - deyə o, əlavə edib.