Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi

16 Dekabr 2024 12:16 (UTC+04:00)

Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yaradılmış Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcək. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Xatırladaq ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

Bunlar, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.