Milli Məclis “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Layihədə həmçinin qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Sənədə görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
Qanun layihəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.