Ər-Riyadda 1-ci Beynəlxalq Sərgi və Konfrans Sammiti başlayıb

15 Dekabr 2024 21:43 (UTC+04:00)

Dekabrın 15-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 1-ci Beynəlxalq Sərgi və Konfrans Sammiti (IMS24) işə başlayıb. Tədbirdə dünyanın 73 ölkəsindən sərgi və konfrans sektorunun mindən çox rəhbəri iştirak edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dekabrın 17-dək davam edəcək tədbirin açılış nitqində Səudiyyə Ərəbistanının Sərgilər və Konfranslar üzrə Baş İdarəsinin rəhbəri Fəhd bin Əbdülmuhsin ər-Rəşid bildirib ki, sərgi və konfrans sektoru dünyanın dərin transformasiyalar yaşadığı bu dövrdə irəliləyişin əsas hərəkətverici qüvvəsinə çevrilib. Beynəlxalq Sərgi və Konfrans Sammitinin qlobal platforma kimi əhəmiyyətini vurğulayan natiq qeyd edib ki, sammit bu sektorun inkişafının perspektivlərini müzakirə etmək məqsədini güdür.

Beynəlxalq Sərgi və Konfrans Sammiti bu il sərgi və konfrans sektorunun ən mühüm tədbiridir. Sammit bir sıra strateji tərəfdaşları özündə birləşdirir və intensiv fəaliyyət proqramı təklif edir. Proqram çərçivəsində panel iclasları, dialoq görüşləri və innovasiya qruplarının toplantıları keçiriləcək. Həmçinin, tədbir çərçivəsində yeni sərmayə razılaşmalarının əldə edilməsi, bir sıra müqavilə və anlaşma memorandumlarının imzalanması gözlənilir.