Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Federasiyadan SİA-ya verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov çıxış edib. O, yarışın əhəmiyyətindən danışıb və iştiakçılara uğurlar arzulayıb:
“Çempionat milli komanda üçün böyük önəm kəsb edir. Burada fərqlənən boksçular yığmaya cəlb olunacaqlar. Qoy, ən güclü qalib gəlsin”.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan çempionatda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər. Yarışa respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılıb. Çempionatda qaliblərin adına dekabrın 20-də aydınlıq gələcək.