Şia əl-Sudani Entoni Blinkenlə görüşüb

14 Dekabr 2024 19:15 (UTC+04:00)

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bəyan edib ki, Suriya ərazisinə hücumlara icazə verilməməlidir.

SİA-nın məlumatına görə, Şia əl-Sudani ABŞ dövlət katibi Entoni Blinkeni Bağdaddakı ofisində qəbul edib. İraq Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlərin və birgə əməkdaşlığın inkişaf etdirilməsi yolları, həmçinin regiondakı vəziyyətin inkişafı, Suriyadakı son hadisələr və təhlükəsizliyin artırılması üçün regional və beynəlxalq səylər müzakirə edilib.

Şia əl-Sudani görüş zamanı İraqın Suriyanı dəstəkləmək mövqeyini və dost ölkələrin suriyalılara dövlətlərini yenidən qurmaq məsələsində yardım etmələrinin vacibliyini vurğulayıb. O, ölkədə sabitliyin gücləndirilməsi üçün Suriya xalqının bütün komponentlərinin ölkə administrasiyasında təmsil olunmasının zəruri olduğunu qeyd edib və İraqın Suriyada keçid mərhələsinin idarə olunması üçün hərəkət gözlədiyini bildirib.

Şia əl-Sudani həmçinin heç bir tərəfin Suriya ərazisinə hücum etməsinə icazə verilməməli olduğunu vurğulayıb, bunun regionun təhlükəsizliyi və sabitliyinə təhdid olduğunu qeyd edib.

ABŞ dövlət katibi Entoni Blinken isə öz növbəsində, ölkəsinin Suriya xalqının seçimlərinə hörmət edilməsi mövzusunda İraqla həmfikird olduğunu bildirib. O, İraqın regionda əsas tərəfdaş kimi oynadığı həyati rolu və bölgədəki cari hadisələrlə bağlı məsləhətləşmələrin vacibliyini vurğulayıb. Entoni Blinken həmçinin, DEAŞ terror təşkilatına qarşı beynəlxalq koalisiya üzvlərinin İraqın təhlükəsizliyi, suverenliyi və sabitliyinə sadiqliyini qeyd edib.