Dekabrın 13-də Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə milli komissiyalarının təşəbbüsü, Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divani-lüğəti-Türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin məqsədi əsərin əsərin bəşər mədəniyyətinə, eyni zamanda, türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri işıqlandırmaqdır. Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, türkoloqlar, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edib, dünya leksikoqrafiyasına bəxş olunan ilk türk ensiklopedik əsərindən danışıblar.
SİA xəbər verir ki, 9000 sözdən ibarət “Divani lüğəti-Türk” 50 əyalət, 63 şəhər, 22 qəsəbə və 49 kənd yaşayış məkanlarındakı türk dil və ləhcələrini əhatə edir. Eyni zamanda, kitabda insanların işlətdikləri 106 məişət əşyası, 62 cür paltar, 53 toxuculuq aləti, 58 silah-sursat və heyvandarlığa aid 38 ad qeyd olunub. Əsərdə 758 şer, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alır ki, bu da kitabın qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirir.
Mahmud Kaşqarlı “Divani lüğəti-Türk”ü 25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb. XX əsrdə İstanbulda onu atılmış kitablar arasından kitabxanaçı Burxan Əfəndi tapıb və ortaya çıxarıb. Digər türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından onu baha qiymətə alıb. Sonradan Əli Əmiri Əfəndi özü İstanbulda Milli Kitabxana yaradıb.
2017-ci ildən etibarən UNESCO “Divani lüğəti-Türk” kitabını dünyanın Maddi Mədəni İrsi siyahısına salıb, bəşəriyyətin tarixi olub. 2024-2025-ci illər üçün təşkilatın təklifi ilə kitabın 950 illik yubuileyi münasibəti ilə silsilə tədbirlər nəzərdə tutulur.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, UNESCO-da keçirilən bu konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin dilçi alimlərini bir araya gətirib. Konfrans çərçivəsində eyni zamanda “Divani lüğəti-Türk” kitabının Azərbaycan və Türkiyə türkcələri, eyni zamanda, rus dilində edilmiş tərcümələri, böyük türkoloqun həyat və yaradıcılığından bəhs edən sənədli film və sərgi də nümayiş olunub.