Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası “Əş-Şəbab” terror təşkilatına qarşı sanksiyaların müddətini 2025-ci ilin 28 fevralına qədər uzadıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Böyük Britaniyanın sanksiyaların uzadılması ilə bağlı təqdim etdiyi qətnamə layihəsi, 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib. Qərara əsasən, qeyri-qanuni silah idxalına embarqonun, kömür ixracına qadağanın və əldəqayırma partlayıcıların qadağasının həyata keçirilməsini təmin etmək üçün tətbiq edilən sanksiyaların müddəti 28 fevral 2025-ci ilə qədər uzadılıb.
Əl-Şəbab 2007-ci ildən Somali hökumətinə və Afrika Birliyi qüvvələrinə qarşı hücumlar həyata keçirir və vaxtaşırı şəhər və kəndlərə hücumlar edir. 2010-cu ilin aprelində Əl-Şəbab BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısına daxil edilib.
2024-cü ilin yanvarında Somalidə məcburi eniş edən BMT helikopteri, Əl-Şəbab terror təşkilatının üzvləri tərəfindən saxlanılıb. Somali Prezidenti Həsən Şeyx Mohamud 2022-ci ildə vəzifəyə gəldiyi gündən Əl-Şəbabla mübarizəni gücləndirib.