Azərbaycan bəstəkarının əsəri Türkiyənin mötəbər səhnəsində

13 Dekabr 2024 19:43 (UTC+04:00)

Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin xatirə günü Türkiyənin paytaxtında türk dünyası xalqlarının bir-birinə daha da yaxınlaşması, əlaqələrin inkişafına töhfə verilməsi və gözəl münasibətlər qurulmasına çağıran növbəti mədəni tədbir keçirildi.

Ankarada Türkiyə və Macarıstan Mədəniyyət İlinin başa çatmasına həsr olunmuş təntənəli proqram Azərbaycanın tanınmış bəstəkarı İlyas Mirzəyevin “Gül Baba” simfonik poeması ilə başlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Azərbaycan bəstəkarının əsəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan, Macarıstan Baş naziri Viktor Orban və hər iki dövlətin digər yüksək rütbəli nümayəndələrinin də olduğu bu salonda gurultulu alqışlarla qarşılandı.

İlyas Mirzəyevin TRT/Azerbaycan saytına verdiyi məlumata görə, əsər Gül Baba Fondunun sədri, Türkiyənin tanınmış xeyriyyəçi iş adamı Adnan Poladın təklifi ilə yazılıb və Osmanlı dövrünün görkəmli din xadimi, həyatını macar xalqına köməyə həsr etmiş Gül Babaya həsr olunub. A.Poladın təşəbbüsü ilə bu Türk qəhrəmanının xatirəsinə Budapeştdə bir neçə il əvvəl Gül Baba türbəsi də ucaldılıb.

Türkiyə-Macarıstan Əlaqələri İnkişaf Fondunun başçısı Rəmzi Buxaralı da “Gül Baba” əsərinin yaradılması ideyasının həyata keçirilməsində fəal iştirak edib.

“Simfonik poema üzərində iş 2022-ci ildə başa çatdı və ilk dəfə həmin ilin 1 aprelində Türkiyənin Prezident Simfonik Orkestri (Cumhurbaşkanlığı Simfoni Orkestrası) tərəfindən ifa olundu”, - deyə İ.Mirzəyev bildirib. Onun sözlərinə görə, Türkiyə-Macarıstan dostluğuna ithaf edilmiş bu əsərin dünyanın ən yaxşı orkestrlərindən birinin - Budapeşt Simfonik Orkestrinin repertuarına da daxil edilməsi planlaşdırılır.

Bəstəkar Azərbaycanın müasir dövlətçiliyinin memarının xatirəsinə həsr etdiyi əsərə də diqqət çəkərək deyib: “Unudulmaz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kainata gedən yol” keçən il Bakıda keçirilən yubiley konsertimdə ifa olunmuşdu. “Böyük dövlət xadimi orkestrlə verdiyim konsertlərdən o qədər təsirlənmişdi ki, sonradan Bakıda qastrol səfərində olan Türkiyənin “Tekfen” orkestrindən bu konserti yenidən xahiş etdi. Yazdığım əsərlərin Azərbaycan xalqının ümummilli liderinin hüzurunda, xüsusən də İstanbulda dəfələrlə səsləndirilməsindən qürur hissi keçirirəm”, - deyə bəstəkar xatirələrini bölüşüb.

Müəllif həmçinin Azərbaycanda tanınmış jurnalist olan anası Svetlana Mirzəyevanın özünü hər zaman Heydər Əliyevin yaxın silahdaşı hesab etdiyini də xatırladaraq əlavə edib: “O, böyük Heydər Əliyevi yaxşı tanıyırdı. Anamın səylərilə bu qeyri-adi şəxsiyyətlə görüşlərin xatirələrini özündə əks etdirən kitab (Гейдар Алиев: искусство прошло через всю мою жизнь) da nəşr olunub”.

Qeyd edək ki, Ankarada Türkiyə və Macarıstan Mədəniyyət İlinin başa çatmasına həsr olunmuş qala tədbiri adı çəkilən ölkələrin mədəniyyət xadimlərinin rəngarəng ifaları ilə davam edərək sona çatıb.