Donald Trampın Yaxın Şərq siyasətindəki mövqeyi dəyişə bilər

13 Dekabr 2024 18:27 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampın komandasının İranın nüvə proqramını məhv etmək üçün hərbi əməliyyat təhdidi və iqtisadi sanksiyaları birləşdirən bir strategiyanı nəzərdən keçirdiyi iddia edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Wall Street Journal(WSJ)” qəzetində yayınlanan xəbərə görə, Donald Trampın birinci dövründə hərbi güc tətbiqindən qaçındığı, lakin İsrailin “Hizbullah”a verdiyi böyük itkilər və Suriyada Bəşər Əsədin devrilməsi kimi hadisələrin yaratdığı balans dəyişikliklərindən sonra yanvarda başlayacaq ikinci dövründə bu mövqeyini dəyişə biləcəyi qeyd olunub.

Qəzet ABŞ-ın bölgəyə daha çox hərbi qüvvə, gəmi və döyüş təyyarəsi yerləşdirməyi və İsrailə “sığınacaq dağıdan” bombalar satmağı nəzərdə tutan addımlar ata biləcəyini bildirib.

Bu addımların uğursuz olması halında birbaşa hərbi güc təhdidinin gündəmə gələ biləcəyi, lakin strategiyanın hələ dəqiq müəyyən olunmadığı vurğulanıb. Trampın vəzifəyə başlaması ilə bu planlarda dəyişiklik ola biləcəyi də qeyd olunub. Xəbərə görə, Donald Trampın komandası İranın nüvə proqramını məhv etmək üçün hərbi əməliyyat təhdidi və iqtisadi sanksiyaları birləşdirən “maksimum təzyiq 2.0” strategiyasını nəzərdən keçirir.

İsrail mətbuatı isə Təl-Əvivin İranın nüvə obyektlərinə hücum hazırlıqları gördüyünü irəli sürüb. İsrail İranın nüvə proqramını birbaşa təhlükə olaraq görür və bu məsələdə ABŞ ilə yaxın əməkdaşlıq etməyi planlaşdırır.