Bakıda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçiriləcək. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Əsas məqsəd Azərbaycanda səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
“Yeniliklər zamanıdır” konsept mesajı ilə dekabrın 18-də təşkil olunacaq tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə ediləcək. Panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqlarını əhatə edəcək.
Tədbir eyni zamanda Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını da özündə ehtiva edir.
“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də Azərbaycan Milli Məclisi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC, Yeni Klinika, habelə Bakı Sağlamlıq Mərkəzi, ümumilikdə 14 spiker və üç moderatorun çıxışı nəzərdə tutulub.