Qədim dövlətçilik tarixinə mənsub olan xalqın təbii ki, zəngin dövlətçilik ənənələri olur və sözsüz ki, bu da həmin xalqın mədəniyyətinə, ədəbiyyatına, elm və təhsilinin inkişafına, eləcə də tərəqqisinə təsirsiz ötüşmür. Məhz özünü qədim dövlətçilik tarixi olduğu üçün Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcuddur və bunun da xalqımızın mədəniyyətinə, ədəbiyyatına, elm və təhsilinə nə dərəcədə təsir etdiyi göz önündədir və bunu bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Çox yaxşı bilir ki, Azərbaycan xalqı dünya mədəniyyətinə də, ədəbiyyatına da, incəsənətinə də, elm və təhsilinə də böyük töhfələr verib və özünün dövlətçilik ənənələri ilə tanınır. İndi həmin ənənələrin, məhz dövlətçilik ənənələrinin, ədəbiyyatımızın, incəsənətimizin, elm və mədəniyyətimizin, ümumiyyətlə, xalqımıza məxsus olan dəyərlərin həm qorunması, həm də təbliğ edilməsi olduqca önəmlidir.
Hər bir xalq özünün dövlətçilik ənənəsi, elm və mədəniyyəti, ədəbiyyatı, incəsənəti, ümumiyyətlə, verdiyi töhvələri ilə tanındığı üçün Azərbaycan xalqı bütün dünyada tanınan xalqlardandır. Xalqımızın min illər bundan öncəyə təsadüf edən dövlətçilik tarixinin olduğu tarixi qaynaqlarda öz əksini tapır və Azərbaycan xalqının dövlətçilik ənənələrinin zənginliyindən xəbər verir. Öz coğrafiyasında ən qədim dövlətçilik tarixinə mənsub olan Azərbaycan xalqının ən zəngin dövlətçilik ənənəsi özünü hər istiqamətdə göstərir. İstər dünya ədəbiyyatına, istər dünya mədəniyyətinə, xüsusən də dünya incəsənətinə, dünya musiqisinə, dünya elminin inkişafına xalqımızın töhfələri danılmazdı. Bizə məxsus olan çoxlu sayda mədəniyyət abidələrinin olduğu göz önündədir. Təkcə ölkə paytaxtında deyil, ayrı-ayrı bölgələrdə, rayonlarda qədim tarixə malik olan tarixi abidələrimiz var və bu abidələr bizim mədəniyyətimizin zənginliyindən xəbər verir. Tarix boyu, özünün dövlətçilik tarixi boyunca dahi yazarları, şair və yazıçıları ilə fəxr etmək haqqına sahib olan xalqımızın Nizami, Fizuli, Nəsimi və digərləri kimi dünya ədəbiyyatına bəxş etdiyi dahiləri dünya ictimaiyyəti çox yaxşı tanıyır və onların yaradıcılıqları da, verdiyi töhfələr də hamıya bəllidir. Dahi Nizaminin, Nəsiminin fəlsəfi şeirləri, əsərləri, Məhəmməd Füzulinin platonik məhəbəti tərənnüm edən əsərləri, xalqımızın bir çox ədiblərinin yaradıcılıqları və yaratdıqları dünya ədəbiyyatının incilərindən sayılır. Məhz dahi rəssam kimi tanınan Səttar Səhlülzadənin dünyanın incəsənət xəzinəsinə hansı töhfələr verdiyini də yaxşı bilirik. Eləcə də dahi Üzeyir Haclbəyovun, Niyazinin timsalında unudulmaz əsərlərin müəllifləri də dünya musiqisinə töhfələr veriblər və Azərbaycan xalqının nümayəndələrindən olan həmin incəsənət xadimlərinin dünya incəsənətinə bəxş etdikləri də nəzərdən qaça bilməz. Bu faktları sadaladıqca bitən deyil və heç şübhəsiz ki, bütün dünya ictimaiyyəti üçün də bəllidir, amma ilk növbədə təbliğinin nə dərəcədə önəmli olduğu günümüzün reallığıdır, çünki bunun məlum səbəbləri var.
Doğrudur, xalqımızın qədim dövlətçilik tarixinin və buna görə də zəngin dövlətçilik ənənələrinin olduğu bir reallıqdır. Qeyd olunduğu kimi, bunu təsdiq edən kifayət qədər dəlillər, sübutlar var və bununla bağlı təkzibedilməz tarixi faktlar müxtəlif qaynaqlarda, salnamələrdə də öz əksini tapır. Həmin tarixi qaynaqlara istinadən deyə bilirik ki, xalqımızın düz beş min illik dövlətçilik tarixi var. Ölkəmizin ərazisində hələ min illər bundan əvvəl tayfa dövlərlərinin mövcud olduğunu təsdiq edən mixi yazılar dövrümüzə qədər qorunub saxlanılıb. Tarixi dəlillər Azərbaycan ərazisində ilk dövlət qurumlarının və ya etnik-siyasi birliklərin hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yarandığını təsdiqləyir. Hətta Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın, daha dəqiq desək, Azıxantrop adlanan Azıx adamının çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Ona görə də cəsarətlə deyə bilərik ki, tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir.
Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlərin mövcud olması onu deməyə əsas verir ki, xalqımızın dövlətçilik tarixi və dövlətçilik ənənələri yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna dövlətinin bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak etməsi, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli dövlətlərin qonşularına, xüsusən də Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparması deyilənləri təsdiq edir. Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlərin və iskitlərin, həmçinin iskitlərlə eyni kökdən olan sakların və massagetlərin mühüm rol oynamağa başlaması, sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşlərinin Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməməsi, Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyinin yenidən dirçəlməsi, ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya kimi qüdrətli dövlətlərin meydana gəlməsi də öz növbəsində xalqımızın qədim dövlətçilik tarixinə və ənənələrinə sahib olduğunu göstərir. Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin yaranması ilə xalqımızın siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində oyanış baş verdiyi də öz növbəsində xüsusilə vurğulanmalıdır. Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu ki, bunun da Azərbaycanın dövlətçilik mədəniyyətinin daha da zənginləşməsinə gətirib çıxardığı tarixi faktlar olaraq qəbul olunmaqdadır. Müsəlman Şərqində ilk demokratik parlament respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan edilməsi Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildiyini, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutlarının formalaşdırıldığı deməkdir. Doğrudur, erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması, ümumiyyətlə, barəsində qeyd olunan yeni hökumətə, dövlətə qarşı imperialistlərin barışmaz mövqeyi və hücumu ilə həmin dövlət üzün müddət mövcud olmadı, amma xalqımız dövlətçilik ənənələrini qoruyub saxladı. Müstəqilliyini yenidən bərpa edərkən, məhz 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Ümumiyyətlə, xalqımızın öz dövlətçilik tarixinə və ənənələrinə sadiqliyini təsdiq edən tarixi faktlar yetərincədir, amma həmin tarixi faktların təbliğ edilməsinə daim ehtiyac duyulur və dövlətçilik tariximizin, adət-ənənələrimizin təbliği olduqca önəmlidir. Sözsüz ki, məlum səbəblər var və bunu da hər birimiz bilməli və nəzərə almalıyıq.
Nəzərə almaq lazımdır ki, qonşu dövlət olan Ermənistan, ümumiyyətlə, bizim coğrafiyaya, Cənubi Qafqaza məskunlaşdırılan haylar daim bizə məxsus olan hər nə varsa, hamısı mənimsəməyə, özününküləşdirməyə çalışıblar və onlara məxsus olan da məhz bu “ənənə”dir. Daha dəqiq desək, hayların öz dövlətçilik ənənələri olmasa da başqalarına məxsus olanı “özününküləşdirmək” istəyi bir ənənə kimi qəbul edilib və hələ də qəbul edilməkdədir. Cənubi Qafqaza köçürülən köçəri hay tayfaları məskunlaşdıqları dövrdən başlayaraq qonşu dövlətlərə, xüsusən də Azərbaycan dövlətinə, xalqımıza qarşı ərazi iddiası ilə çıxış etməkdə idilər və buna görə də tarixi saxtalaşdırmaqla məşğul olmağı hər zaman “ümdə vəzifə” hesab etməkdə olublar. İlk növbədə xalqımıza məxsus olan dövlətçilik tarixini öz saxtakarlıqları ilə silməyə çalışan ermənilərin tarixi abidələrimizi məhv etmək üçün bütün əməllərə əl atıqlarının təkcə biz yox, elə bütün dünya şahididir. Xalqımıza məxsus olan ənənələri, hətta mədəniyyətimizi belə “özününküləşdirmək” niyyəti ilə etdikləri saxtakarlıqlar da ,oxdan bəllidir. Tarixi abidələrimiz, mədəniyyət abidələrimiz, sərdabələr, hətta qəbir daşları üzərində olan yazıları belə məhv edərək, öz istədikləri şəkildə müdaxilə etməklə bizə, xalqımıza məxsus olanı öz adlarına çıxmağa da, bizim musiqilərimizi öz dillərində ifa edərək, özlərininki kimi təqdim etməyə də, milli mətbəximizə aid olanların belə özlərinə mənsub olduğunu iddia etməyə çalışmaları da saxtakarlıq nümunəsidir. Belə bir saxtakarlıqda məqsəd əlbəttə ki, guya ərazilərin sahibi kimi özlərini göstərməyə çalışmaq və yenə də ərazi iddiası ilə çıxış etməkdir. Bir sözlə, biz bu saxtakarlıqları görməkdəyik və təbii ki, bunun qarşısının alınması da ən vacib hesab olunmalıdır, olunur da.
Biz öz xalqımıza məxsus olan hər nə varsa, ona qarşı hansısa “mənimsəmə” cəhdinə belə imkan verməməliyik. Xalqımıza məxsus olan dəyərlərə sahib çıxmalıyıq. Təkcə sahib çıxmalı yox, həm də təbliğinə xüsusi diqqət yetirməliyik ki, kimlərinsə hansısa cəhdləri mənasız olsun. Buna görə də ilk növbədə dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinə xüsusi diqqət yetirməliyik. Bilməliyik ki, dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği olduqca önəmlidir.
Müəllif: İnam Hacıyev
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır