Ədliyyə Nazirliyinin Probasiya xidmətinin sahə üzrə ixtisaslaşmış təşkilatlardan biri olan Avropa Probasiya Konfederasiyasına (CEP-Confederation of European Probation) üzvlük müraciəti təşkilatın İdarə heyətinin toplantısında yekdilliklə təsdiqlənib və ölkəmiz həmin təşkilata tamhüquqlu üzv kimi qəbul edilib. Bu barədə SİA-ya Ədliyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
53 üzv və tərəfdaş təşkilatın daxil olduğu Avropa Probasiya Konfederasiyası 1981-ci ildən Niderland Krallığının Utrext şəhərində fəaliyyət göstərir. Konfederasiya probasiya nəzarəti, sosial xidmətlər, eləcə də mediasiya və ya vasitəçiliyin tətbiqi yolu ilə cinayət törətmiş şəxslərin sosial inteqrasiyasını təşviq edən beynəlxalq qurumdur. Probasiya sahəsində Avropa ölkələri arasında təcrübə və məlumat mübadiləsinin aparılması, qanunvericiliklər barədə məlumatların hazırlanması və yayımı, bu sahədə ümumi problemlərin həlli, peşəkar inkişafa yardım, konfranslar, seminarlar və digər beynəlxalq tədbirlər keçirilməsi Konfederasiyanın əsas fəaliyyət istiqamətləridir.
Təşkilata üzvlük probasiya sahəsində Avropa ölkələri ilə səmərəli əməkdaşlığın inkişafı, beynəlxalq standartların və yeni innovativ mexanizmlərin tətbiqi, peşəkar inkişafa yardım, probasiya üzrə ixtisaslaşmış qurumların və müxtəlif ölkələrin probasiya xidmətləri ilə işgüzar əlaqələrin yaradılması baxımından mühüm rol oynayır.
Eyni zamanda, quruma üzv olmaqla ölkəmiz Konfederasiyanın bütün tədbirlərində iştirakçı, eləcə də məruzəçi qismində iştirak edəcək, ekspert qruplarına və şəbəkələrinə qoşulma hüququ əldə edəcək, bütün üzvlərin tam səsvermə hüququna malik olduğu Baş Assambleyada iştirak edə biləcək.