Dekabrın 12-də İtaliyanın paytaxtı Romada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
SİA xəbər verir ki, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin Azərbaycanın öz müstəqilliyini bərpa etməsinə, suverenliyini möhkəmləndirməsinə, beynəlxalq arenada rolunun artmasına və iqtisadi baxımdan güclənməsinə misilsiz töhfələr verdiyini qeyd edib. Səfir Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyulması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması, Azərbaycanın müstəqil, müasir və bölgənin güclü dövlətinə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən dövlətçiliyin möhkəmləndirilməsi strategiyasının Azərbaycanı beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitliyin və inkişafın hərəkətverici qüvvəsinə çevirdiyi vurğulanıb.
Diplomat Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, müstəqil siyasət yürüdən, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini qeyd edib.