Türkiyənin İqdır vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
SİA xəbər verir ki, dahi siyasətçinin anım gününə həsr olunmuş tədbir Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə İqdırdakı “Azərbaycan Evi”ndə keçirilib.
Tədbir iştirakçıları Ümummilli Liderin müstəqil Azərbaycanın müdafiəsi və dövlətçiliyinin qurulmasında, Türk dünyasında əlaqələrin möhkəmləndirilməsində tarixi rolu və xidmətləri barədə məlumatlandırılıblar.
İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin rəhbəri Ziya Zakir Acar çıxışında Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin inkişafında əvəzsiz xidmətləri olduğunu deyib.
“Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan Qafqaz regionunda parlaq ulduza çevrilib. Dahi Heydər Əliyevin irsi bütün dünyada nüfuz sahibi olan dövlətin qüdrətli bazasını formalaşdırmağa imkan verdi”, - deyə Acar bildirib. O, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarını Ermənistanın işğalından azad etməyə nail olduğunu vurğulayıb.
“Bu gün biz hamımız Azərbaycanın artan təsirinin şahidiyik. Azərbaycan xalqının dahi oğlunun xatirəsini minnətdarlıq hissi ilə yad edirik”, - deyə o bildirib.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibinin müavini Sərdar Ünsal çıxışında özünü Heydər Əliyev kimi görkəmli şəxsiyyət ilə tanış olmaq imkanı qazanmış xoşbəxt insan adlandırıb.
“Heydər Əliyev Azərbaycan və bütün Türk dünyası tarixində ən layiqli liderlərdən biridir. Onun səyləri sayəsində müasir Azərbaycan Cənubi Qafqazda ən güclü ölkədir”, - deyə Ünsal vurğulayıb.
O, Ümummilli Liderin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. “Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün də ölkələrimiz arasında münasibətlərin inkişafında bələdçi ulduzdur”, - deyə Federasiya baş katibinin müavini qeyd edib.
Heydər Əliyev adına Liseyin direktoru Yavuz Bağcı da görkəmli siyasi xadimin Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərdən danışıb. “Ölkələrimizin yaxınlaşmasında Heydər Əliyevin xidmətləri çox böyük əhəmiyyət kəsb edir. O, Qarabağın işğaldan azad olunacağı günə inanırdı və bu an gəlib çatdı. Qarabağ Azərbaycandır!”, - deyə o bildirib.
Tədbirdə siyasi partiya funksionerləri, müəllim və tələbələr, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.