Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş konsulluğun kollektivi və diaspor fəalları Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstün önünə gül dəstələri qoyublar. Sonra baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək, Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun Azərbaycan tarixindəki rolundan danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev gələcəyimizi işıqlandıran parlaq sima olaraq, ölkəmizi nurlu gələcəyə aparan siyasi xətti müəyyənləşdirib.
Daha sonra çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Yamal-Nenets Muxtar Dairəsi “Həmrəylik” Azərbaycan Regional İctimai Təşkilatının sədri Mövlud Bakirov və “Oazis” Azərbaycan məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Baxşıyeva çıxış edərək Ümummilli Liderin diaspor, təhsil və gənclər siyasətindən bəhs ediblər.