Sumqayıtlılar Ulu Öndəri anıb - FOTOLAR

12 Dekabr 2024 17:01 (UTC+04:00)

Sumqayıtlılar dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. SİA xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin şəhərdən seçilən deputatları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkdakı abidəsini ziyarət edərək, önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq izləri, parlaq əməlləri görünməsin. Ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edən Ulu Öndərin başlatdığı islahatlar, inkişaf strategiyası Azərbaycanın bütün regionları kimi, Sumqayıtın da dinamik inkişafına təkan verib. Sumqayıt və sumqayıtlılar həmişə Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Sumqayıt ölkəmizin aparıcı sənaye mərkəzinə çevrilib. Müstəqillik dövründə də şəhər davamlı olaraq Ulu Öndərin gündəmində olub. O, 16 dəfə Sumqayıta səfər edib, hər dəfə də yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərinə qatılıb.

Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.

Sonra Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan verilib.