Hayların başları üstündəki DAMOKL QILINCI - TƏHLİL

12 Dekabr 2024 16:45 (UTC+04:00)

Rusiyanın yaxın zamanda Ermənistanla bağlı hansısa “tədbirlər” haqqında bir “qərara gələcəyi” gözləniləndir. Hayların özlərinin belə Kremlin hansısa “addımlar” atacağı ilə bağlı qorxuları var, çünki rusların məhz Ukrayna və Gürcüstanla “problemlərini” həll etdikdən sonra Ermənistanı da “hədəfə” alacağı ilə bağlı proqnozlar kifayət qədərdir. Rəsmi İrəvan ehtiyat edir ki, “digər istiqamətlərdə” öz məsələlərini həll edən Moskva dərhal Ermənistana qarşı “soyuq silah” tətbiq edə bilər və bu silahın məhz Damokl qılıncı kimi hər an hayların başının üstündə olduğunu Paşinyanın hakimiyyət komandası belə çox yaxşı başa düşür və həmin durumu qəbul da etdiyinə görə, hətta buna, bu vəziyyətə çoxdan alışqandır.

Rusiyanın öz “qılıncını” itiləyib hazır vəziyyətə gətirməsi bəzi məqamlardan xəbər verir

Çox güman ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xüsusi elçisi olan Keyt Kelloqun Ukraynadakı müharibəni həll etmək barədə bu yaxınlarda təklif etdiyi “sülh planını” rədd edəcək. Çünki Qərbin bir-birinin ardınca ortaya atdığı sanksiyaları fonunda hansısa “yüngülvari” təklifin qəbul olunması, özü də Putin tərəfindən hansısa “güzəşt” qətiyyən heç ağıla da gələn deyil. Bunu amerikalılar da yaxşı bilirlər. Bilirlər ki, Rusiyanın istədiyi şəkildə şərtlər olmasa, hansısa “razılaşma”, yaxud da hansısa “təklif” heç hesaba belə alınmayacaq. Deməli, Rusiyanı “razı” salacaq təkliflərlə çıxış etmək və məsələnin həlli barədə təklif edərkən Kremlin istəyi də nəzərə alınmalıdır. Əks halda, Moskva ilə ümumi bir razılığa gəlinəcəyi absurd görünür. Lakin Tramp da öz növbəsində Ukrayna məsələsinin hansısa yolla həll edəcəyini lap əvvəldən bəyan etdiyi, hətta söz verdiyi üçün amerikalıların güzəştə gedəcəyi, ruslarla “ümumi dil tapacağı” ehtimalı böyükdür. Bu isə onu deməyə əsas verir ki, Rusiya yaxın zamanda istədiyinə nail ola bilər və Ukrayna məsələsi ilə bağlı tamamilə “rahat” da ola biləcək.

Həmçinin, Gürcüstan məsələsində də rusların öz mövqelərini, eləcə də gürcülərin öz milli mənafelərini müdafiə etmələri, iradələrini nümayiş etdirmələri fonunda da Qərb artıq həmin Cənubi Qafqaz ölkəsində də Moskva ilə razılaşmaq məcburiyyətində qalırsa, deməli, yaxın zamanda Rusiya elə Gürcüstandan da “arxayın” olacaq. Bu isə o deməkdir ki, Kreml üçün yeni bir “cəbhə” açmaq şansı yaranacaq və hər halda həmin cəbhə məhz Cənubi Qafqaz bölgəsində açıla bilər, çünki rusların çoxdandır bölgə ilə bağlı “narahatlıqları” var və bunun qarşısını almaq üçün “tədbirlər” görülməsi labüd hesab olunmaqdadır. Həmin tədbirləri də Rusiya artıq çoxdandır onsuz da daxilində qarışıqlıq olan Gürcüstanda, yaxud da əməkdaşlığını, əlaqələrini, münasibətlərini davamlı şəkildə genişləndirdiyi Azərbaycanda görmək istəməz və yenə də məntiqi olaraq belə çıxır ki, hədəfdə Ermənistandır. Yəni, artıq rusların öz “qılıncını” itiləyib hazır vəziyyətə gətirmələri və onların başları üzərində hərləmələri ilə bağlı ermənilər dırnaq arasında desək, “xatircəm” ola bilərlər. Elə buna görə də Damokl qılıncı kimi başlarına enəcək qılıncı haylar artıq məhz öz başlarının üzərində hiss etməkdədirlər və yuxularının ərşə çəkilməsi də, bir çox erməni politoloqların, siyasətçilərin həyəcan təbili çalmaları da elə məhz bu səbəbdəndir.

ABŞ belə öz hesabını gedirsə, bu, hayların başının üstündə “iti bir qılınc” hərləndiyini göstərir

Rusiyalı siyasətçilər özləri də belə hesab edirlər ki, Tramp yalnız Yaxın Şərqdəki müharibələr və Rusiyanın Çinlə artan ittifaqı da daxil olmaqla, digər qlobal münaqişələri müzakirə etməyə razılıq verərsə və Ukraynanı Kremlin əsas maraqlarının bir hissəsi kimi tanıyarsa, Moskva razılığı yalnız bu halda “davamlı” hesab edə bilər. Əgər siyasətçilər, politoloqlar belə bir qənaətdədirlərsə, deməli, bununla bağlı ABŞ da öz hesabını gedir. Bəlkə də çoxları düşünə bilərlər ki, rəsmi Vaşinqtonun mövqeyinin, yaxud da qərarının bura nə dəxli var və bunu ermənilər özləri də ağıllarına da gətirirlərsə, səhv edirlər. Daha dəqiq desək, bu məsələnin Ermənistanla birbaşa əlaqəsi olmadığına inanan kəslər, xüsusən də haylar dərindən yanılmaqdadırlar.

Əvvəla, sürətlə qloballaşan dünyada elə bir ölkə yoxdur ki, planetimizdə baş verən proseslərdən özünü təcrid etmək “itiqdarında” ola bilsin və hayların da hayastanı xüsusi bir “imtiyazlı” ölkə qətiyyən deyil. Üstəlik, əgər söhbət Rusiyanın “tarixi təsir zonası” hesab etdiyi ölkədən gedirsə, deməli, indi ermənilər ilk növbədə öz başlarını qorumaq barədə düşünmək məcburiyyətindədirlər. Çünki Rusiyanın “həmləsi” ermənilərin “baş ağrısı” ola bilər. Xüsusən də nəzərə alsaq ki, Moskvanın məhz Ermənistanda vəziyyəti gərginləşdirmək, aranı qarışdırmaq üçün öz rıçaqları var və bunlar kifayət qədər çoxdur, deməli, hayların başları üzərində qılınc, məhz elə həmin o Damokrl qılıncı artıq görünməkdədir. Bəlkə də artıq həmin o qılınc öz işini görməyə başlayıb və bu, məhz Paşinyanın qırxılmış üzündə də özünü göstərir. Yəqin ki, həmin o erməni baş nazir başı üzərində “nə isə” hiss edib deyə, üz-gözünü qırxıb aradan çıxmağa, yaxud da özünü məhz dəyişikliklər edən adam kimi göstərməyə çalışır. “İti su aparmaz”, zərb məsəlində deyildiyi kimi, belə bir avantürist əvvəlcədən öz “hazırlığını” görür ki, hadisələr burulğanında qərq olmasın və elə bu məqam özü də hayların başları üstündə "iti bir qılınc" olduğunu göstərir.

Rusiyanın öz hərbi xərclərini artırması, ortada “planlar” olduğunu təsdiq edir

Rusiya ilə bağlı da bəzi məqamlar diqqəti cəlb etməyə bilməz və bu məqamların özləri də deyilənləri təsdiq edir. Məsələn, gələn il Rusiyanın öz hərbi xərclərini cari illə müqayisədə 27% artırmaq niyyətində olması heç də təsadüfi sayılmır. Bu rəqəmlərlə bağlı məlumat sıradan bir informasiya da deyil. Beləki, bu barədə “Bloomberg” agentliyi 2025-2027-ci illər üçün federal büdcə layihəsini araşdıraraq qeyd edib. Xüsusən də qeyd edilib ki, müdafiə sektoru ilə bağlı xərclər 13,2 trilyon rubl təşkil etməlidir. Müqaisə üçün diqqətə çatdıraq ki, qonşu ölkənin bu il müdafiə büdcəsi 10,4 trilyon olub. Deməli, təqribən üçdə biri qədər də artım nəzərdə tutulub və bunun da səbəbsiz olmadığı gün kimi aydındır. Hər halda, hərbi xərclərini Rusiya səbbəbsiz yerə artırmaz və bu ilk növbədə, ortada "planlar" olduğunu təsdiq edir. Həmin planların da ən öndə olanının, əlbəttə ki, Cənubi Qafqazla bağlı olması zərrə qədər də şübhə doğura bilməz və hər halda, büdcə xərclərini artırmağı, yəni, qılıncını itiləməyi ruslar “lazımlı” hesab edirlərmiş. Yəqin ki, həmin qılıncı hardasa “sınaqdan keçirmək” niyyəti var.

Sözügedən nəşrin araşdırmasına və informasiyasına görə, qeyd olunan xərclər Rusiyanın bütövlükdə ÜDM-nin 6,2%-ni təşkil edir. Ümumilikdə, milli müdafiə və daxili təhlükəsizlik xərcləri ölkənin 2025-ci il üçün ümumi büdcəsinin təxminən 40%-ni təşkil edəcək ki, bu da təsadüfi ola bilməz. Diqqətə çatdıraq ki, həmin xərclər təhsil, səhiyyə, sosial xidmətlər və milli iqtisadiyyat üçün nəzərdə tutulan bütün vəsaitlərin cəmindən də çoxdur və deməli, ortada hansısa “ssenari” artıq hazırdır və qalıb onun tətbiq edilməsi. Onsuz da Rusiya müharibəni özünün əsas dövlət prioriteti etməklə, dünyanı qorxu və qeyri-müəyyənlik mühitinə salmaq ənənəsindən əl çəkən deyil. Bunun fonunda da elə haylar qorxuya düşüblər. Çünki başa düşürlər ki, Rusiya ilə Qərb arasında qəfil manevr cəhdləri ola bilər və bu onlar üçün fəlakətlə nəticələnə, faciəvi şəkildə başa çata bilər. Bir tərəfdən də nəzərə alsaq ki, Rusiyanın Ermənistana təzyiq rıçaqlarının sayı həddən artıq çoxdur, deməli, hayların “hayastanı” açıq-aşkar şəkildə, özü də istənilən anda dəhşətli bəlalara sürüklənə bilər. Məhz elə hayların özlərinə də Damokl qılıncı kimi görünən həmin o rıçaqlar istənilən anda “işə salına” bilirsə, deməli, düz başlarının üzərində də hərlənir...

Ermənistan hələ də asılı vəziyyətdə olan ölkədir və həmin ölkəni istənilən anda “silkələmək” heç də çətin deyil

ABŞ və Aİ olanları çox “canfəşanlıqla” qəbul edir. Kremlin də məhz öz “himayəsində olanlara” kömək etmək istəklərinin çox da böyük olmadığı özünü hər dəfə göstərir. Ələlxüsus da Moskva nəzərə alır ki, açıq şəkildə, tələsik və özü də “yöndəmsiz” davranmaq ancaq zərər vəd edə bilər. Bununla belə, Rusiya qətiyyən yerli geosiyasi məğlubiyyətlə razılaşa da bilməz. Rusiya üçün bütün Cənubi Qafqaz olduqca önəmlidir. Ən böyük sual doğuran əlbəttə ki, Gürcüstanda hər şey yoluna düşəndən sonra Rusiyanın kiminlə qarşıdurmaya yol verməsi məsələsidir. İndi haylar daha çox qorxuya ona görə düşüblər ki, məhz Gürcüstan məsələsindən sonra Kreml üçün hansı ölkə ilə qarşıdurmaya girəcəyi indidən bəllidir və bu ölkə həqiqətən də Ermənistan hesab olunur. Hər halda, görünən kəndə bələdçi lazım olmadığı kimi, hər şey göz qabağındadır, deyə belə bir qorxu ermənilərin yuxularını ərşə çəkib.

Artıq ermənilər çoxdan qəbul ediblər ki, Rusiyanın Azərbaycanla münasibətləri tamamilə fərqlidir. Ümumiyyətlə, haylar bilirlər ki, Kremlin rəsmi Bakıya münasibətini İrəvana olan münasibəti ilə müqaisə belə etmək olmaz. Yaxşı başa düşürlər ki, Azərbaycan Rusiyanın maraq göstərdiyi, əməkdaşlığını isə daha da genişləndirməyə çalışdığı ölkədir. Azərbaycanın indi nəinki Ermənisyanla, ümumiyyətlə, Cənubi Qafqazın heç bir ölkəsi ilə eyni vəziyyətdə olmadığını təkcə ruslar yox, elə ermənilər də etiraf edirlər. Məhz buna görə də Rusiyanın qılıncını haylar ancaq öz başlarının üstündə hiss edirlər.

Haylar onu da bilirlər ki, Azərbaycan artıq bölgədə yeni reallıqlar yaradan ölkədir və özünün milli maraqlarını müdafiə etməyə də qadirdir. Bilirlər ki, Azərbaycan təkcə regionda deyil, bütövlükdə dünyada belə artıq söz sahibidir və hesablaşılan ölkə olaraq qəbul edilməkdədir. Yaxşı başa düşürlər ki, istər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycan heç bir ölkədən asılı deyil və bizim ölkəmizə qarşı hansısa təsir imkanları ümumiyyətlə, yox dərəcəsindədir. Amma onu da başa düşürlər ki, bütün bu sadalananları Ermənistan barədə demək mümkün deyil. Çünki həmişə olduğu kimi, Ermənistan yenə də asılı vəziyyətdə olan ölkədir və həmin ölkəni istənilən anda “silkələmək” heç də çətin deyil. Onsuz da Ermənistan üçün indi kiçik bir “qığılcım” belə kifayətdir və bunun da dəhşətli fəlakətlərə səbəb ola bilərcəyi və bu “qığılcımın” məhz Rusiyanın “əli” ilə yaradılacağı qorxusu da hayların kürkünə birə salıb, çünki bunu da öz başları üzərində məhz bir qılınc kimi görürlər...