"Müəllim şagirdlərə öyrənməyi öyrətməlidir" - EKSPERT FİKRİ

12 Dekabr 2024 16:21 (UTC+04:00)

"Müəllimlər şagirdlərə ev tapşırığı verərkən diqqətli olmalıdırlar. Bu tapşırıqlar şagirdə dərsə marağı əksinə artırmalıdır. Şagirdin evdə olduğu zaman həm mövzunu təkrar etməsinə, həm də bütövlükdə dərsin məzmununun daha da yaxşı mənimsənilməsinə imkan verməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

O bildirib ki, ev tapşırıqları seçilərkən elə müəyyənləşdirilməlidir ki, şagird evdə tapşırıqları həvəslə edə bilsin: "Şagirdin dərsə marağı çoxalsın, nəinki azalmasın. Əgər müəllim nümunə olaraq həmin tapşırıqlardan sinifdə istifadə etmirsə, təbii ki, şagird ev tapşırıqlarını edərkən çətinlik yaşayacaq. Bu onun dərsə olan marağını tamamilə itirəcək".

Ekspert qeyd edib ki, ona görə də burada düzgün pedaqoji yanaşma ortaya qoyulmalıdır: "Müəllim həm də pedaqoqdur. Həm də psixoloqdur. Təbii burada müəllimin peşəkarlığından çox şey asılıdır. Şagirdlərdə yorğunluq yox, daha həvəslə ev tapşırığını etmək bacarığını formalaşdırmaq lazımdır. Müəllim həm də şagirdlərə öyrənməyi öyrətməlidir".