“Yığıcılıq pozuntusu insanın lazımsız, artıq heç bir funksiyası olmayan əşyaları saxlamaqdan imtina edə bilməməsi ilə xarakterizə olunan psixoloji bir pozuntudur. Bu vəziyyət insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salır və həm fiziki, həm də emosional sağlamlığına təsir edir. Bu pozuntu adətən həddindən artıq yığılan əşyaların səbəb olduğu xaos və nizam-intizamsızlıqla müşahidə edilir. Bu isə şəxsin şəxsi, sosial və iş həyatına mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Yığıcılıq pozuntusunun əsas əlamətləri:
- Lazımsız əşyaların yığılması: İnsan köhnə qəzetlər, qırılmış əşyalar, istifadəsiz geyimlər və hətta tullantılar kimi heç bir funksiyası olmayan əşyaları saxlamağa üstünlük verir.
- Əşyaları atmaqda çətinlik çəkmək: Şəxs həmin əşyaları atmağı və ya onlardan ayrılmağı düşünəndə güclü narahatlıq və ya stres keçirir.
- Yaşayış mühitinin qeyri-funksional hala gəlməsi: Əşyaların çoxluğu şəxsin yaşayış mühitində normal fəaliyyət göstərməsinə mane olur. Məsələn, yataq otağında yatmaq, mətbəxdə yemək hazırlamaq və ya iş yerində işləmək mümkün olmur.
- Toplama davranışını nəzarətdə saxlaya bilməmək: Bu davranış tədricən daha da dərinləşir və şəxsin həyatını idarəetmə qabiliyyətini zəiflədir.
Yığıcılıq pozuntusunun dəqiq səbəbi tam məlum olmasa da, bir sıra psixoloji və bioloji faktorlar bu vəziyyətə təsir göstərə bilər:
- Uşaqlıq dövründə yaşanan itkilər və ya emosional travmalar.
- Yığıcılıq davranışı bəzi hallarda genetik meyillərlə bağlı ola bilər.
- Depressiya, narahatlıq pozuntusu və obsesif-kompulsiv pozuntu yığıcılıq pozuntusu ilə sıx bağlı ola bilər.
Bu pozuntu həm fiziki, həm də emosional baxımdan ciddi təsirlərə səbəb ola bilər:
- Evin və ya iş yerinin əşyalarla dolması yanğın, düşmə və zədə riskini artırır.
- İnsanlar yığıcılıq davranışlarına görə utanc hissi keçirir və başqalarından uzaqlaşır.
- Daimi narahatlıq, günahkarlıq hissi və həyat keyfiyyətinin aşağı düşməsi müşahidə olunur.
Yığıcılıq pozuntusu ilə mübarizə mümkündür.
Əsas müalicə üsulları bunlardır:
- Xüsusilə Koqnitiv-Davranış Terapiyası effektiv hesab olunur. Bu terapiya zamanı şəxsin yığıcılıq davranışının arxasındakı düşüncə tərzi dəyişdirilir.
- Lazım olduqda, antidepresanlar kimi dərmanlar istifadə edilə bilər.
- Şəxslər bu problemi yaşayan digərləri ilə təcrübələrini paylaşaraq emosional dəstək ala bilərlər.
Psixoloq kimi qeyd etmək istərdim ki, yığıcılıq pozuntusu olan insanlara qarşı anlayışlı və dəstəkverici yanaşma çox vacibdir. Bu, sadəcə iradəsizlik deyil, dərin psixoloji səbəbləri olan ciddi bir problemdir. Müalicə zamanı ailə üzvlərinin və yaxınların dəstəyi də böyük əhəmiyyət daşıyır.
Söylədiyim kimi, yığıcılıq pozuntusu nə qədər ciddi görünsə də, doğru yanaşma ilə bu problemdən azad olmaq mümkündür”.
Ayşən Vəli