"Bu prosesdə əsas sözü Suriya xalqı deməlidir" - ŞƏRH EDİLDİ

12 Dekabr 2024 14:19 (UTC+04:00)

"Suriyada artıq hakimiyyət dəyişikliyi, demək olar ki, qüvvədədir. Köhnə rejim artıq öz səlahiyyətlərini təhvil verib getdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, köhnə baş nazir təhvil-təslim prosesindədir: "Həm suriyalıları, həm ətrafda olan ölkələri ən çox düşündürən odur ki, Suriya gələcəyə aparacaq yolu necə təsəvvür edir, hansı yola üstünlük verəcək, hansı dövləti quracaq?" Problemlərin və sualların sayı çoxdur. İddialı olanların da sayı çoxdur. Burada həm milli, dini azlıqlar, həm də çoxluqlar var. Bunların hamısının deməyə sözü var. Çünki neçə illər ərzində Əsəd ailəsinin hökmranlığı var idi. İnsanların səsi də boğulmuşdu, səsini çıxaranı da zindana salırdılar. İndi isə bir çox qadağalar aradan qaldırılıb. Amma bu, o demək deyil ki, ən yaxın zamanda Suriyada aydın mənzərə formalaşacaq, insanlar öz seçimlərini edəcəklər. Çünki Suriyanın dərin problemləri həddindən artıq çoxdur. Hələ iqtisadiyyat əsas problemi deyil. Tələb olunan əsas məsələ milli zəmində konsensusun əldə olunmasıdır. Çünki artıq bəzi qüvvələr kürd dövlətinin yaradılmasından, sünni ölkəsinin formalaşmasından danışırlar. Bu prosesdə əsas sözü Suriya xalqı deməlidir. Birincisi, gərək sabit şərait formalaşsın, silahdan istifadə minimuma endirilsin, aradan qaldırılsın. Nəhayət, bütün səs hüququna malik hər bir tərəf öz münasibətini bildirsin. Bunun üçün münasib mədəni fon olmalıdır ki, hər bir etnosun nümayəndələri istəklərini bəyan etsinlər. Referendum keçirilməlidir. Bu haqda çoxları danışır, bildirirlər ki, bu, münasib yol seçmək istiqamətində ən ümidverici gediş ola bilər. Mən də elə düşünürəm ki, ümidverici gediş ola bilər, ancaq bir halda ki, kənar müdaxilələr olmasın. İsrail oraya qoşun yeridir, onların yeni ərazilərini işğal etməyi özü üçün borc bilir. Bu, düzgün məsələ deyil. Digər tərəfdən qonşular da özlərinin haqqında düşünürlər ki, məqamdır, bəlkə, Suriyanın parçalanmış vəziyyətindən istifadə edib dividentlərini artırsınlar. Bu, keçərli variant deyil. Mənə elə gəlir ki, əvvəl-axır Suriya xalqı mütəşəkkillik nümayiş etdirməlidir. Baxmayaraq ki, dini, etnik, məzhəb baxımından onlar müxtəlifdirlər. Buna baxmayaraq ölkənin bütövlüyünü saxlamaq üçün gərək daha çox yüksək dəyərlərə köklənsinlər".

"Gərək hər hansı bir qüvvə səlahiyyəti öz üzərinə götürsün ki, keçid proseslərinin hamısını tənzimləsin. İnsanlara ilk növbədə ümid bəxş etsin ki, artıq öz talelərinə sahib çıxmaq üzrədirlər. Sonradan həmin taleyi addım-addım formalaşdırsın. Bu olmasa, orada vətəndaş müharibəsinin sonu olmayacaq. Çünki birincisi, silahlı dəstələrin sayı çoxdur. Digər tərəfdən fitnə-fəsadla məşğul olanların sayı çoxdur. Qonşu ölkələrin də iddiaları öz qüvvəsini saxlamaqdadır. Ona görə də, bu istiqamətdə Suriya xalqı gərək bir qədər özünə suallar verib o sualların cavabını tapsın, onlardan irəli gələn addımları etsin ki, yaxın zamanda sabitlik təminatlı şəkildə oturuşsun. Ölkənin yenidən siyasi institutları, ordusu formalaşsın. Hələ görüləsi işlər çoxdur. Amma onlar heç də həlli olmayan məsələlər deyil. Yalnız təmkinlə və mədəni üsulda onlara yaxınlaşmaq lazımdır ki, dövlət quruculuğu təşəkkül tapsın. Çünki dövlətin hələ adı var, özü yoxdur" - deyə o, əlavə edib.