Yol qəzalarının əsas səbəbi nədir? - MÜSAHİBƏ

12 Dekabr 2024 12:45 (UTC+04:00)

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun SİA-ya açıqlamasını təqdim edirik:

- Bir çox dünya dövlətlərində qəza baş verən zaman araşdırma aparılır, günahkar kimdirsə, həmin şəxs ya həbs olunur, ya da töhmət edilir, cərimələr tətbiq olunur. Amma Azərbaycanda sürücü bilərəkdən və bilməyərəkdən qəza törədərkən bütün günah sürücünün üzərində qalır. Niyə görə Azərbaycanda qəza zamanı günahkar ancaq sürücü olur?

- Yol hərəkəti qaydalarının pozulması ilə nəticələnən hadisələr birbaşa iki tərəfin qarşılıqlı təması ilə baş verir. Ola bilsin ki, sürücü sürət həddini aşa bilər. Amma siz deyən hallar intihar hallarıdır. İntihar hallarına bənzər hadisələr zamanı cinayət işi baxımından prokurorluqda onlara cinayət işi açılır. Dünyanın istənilən ölkəsində hadisə araşdırılır. Hadisəyə birmənalı baxmaq düzgün deyil. Çünki hadisə nəticəsində bir neçə şəxs həyatını itiribsə, bu proses yenə də araşdırma predmetidir. Desək ki, Azərbaycanda sürücü günahsız yerə həbs olunub, yaxud da, haqqında müəyyən qərar qəbul olunub. Bunu düzgün hesab etməzdim. Çünki bütün hadisələr araşdırılır. Elə vaxt olur ki, hətta apellyasiyaya şikayət edilə bilər. Bu, bir şəxsin tabeliyində olan hadisə deyil. Ola bilər ki, yol qaranlıq olub, nəqliyyat hadisəsi baş verib. Kiminsə üzərinə avtomobil sürülüb qəza baş veribsə, bu, təbii ki, cinayət işidir.

- Nəqliyyatla bağlı dünya praktikasından yetərincə yararlana bilirik? Hansı problemlər qalır və bunun həlli gözlənilir?

- Azərbaycanda 2000-ci illərin sonlarında insanların yüksək dərəcədə avtomobilləşməsi getdi. Bu, iqtisadi uğurun nəticəsi idi. Amma biz müəyyən infrastruktur baxımından buna hazır deyildik. Misal üçün, Bakı şəhərinin müəyyən əraziləri var ki, orada hər hansı infrastrukturu yeniləmək, yaxud yolu genişləndirmək, piyada keçidi salmaq çətindir. Ona görə də, yalnız intellektual idarəetmə mərkəzlərinin, buna bənzər qurumların bir-biri ilə koordinasiyalı iş fəaliyyəti nəticəsində bu hadisələrin qarşısını almaq olar. Piyada məsuliyyətsizliyindən misal çəkmək istəyirəm. Bu yaxınlarda bir hadisə baş verdi. Piyada keçidin altından keçərkən qəza baş verdi, hadisə baş verdiyi halda yenə də digər piyadalar həmin yolu keçməkdə davam edirdilər. Bu, insanların həyatlarına laqeydliyindən irəli gəlir. Ona görə də, burada maarifləndirmə, informasiya bolluğunun olması mühüm rol oynayır. Düzdür, inzibati tənbeh də rol oynaya bilər. Amma o cərimənin ödənilməsinə qədərdir. Cərimə ödənildikdən sonra yenə də eyni hallar baş verə bilir. Bu da insan psixologiyasından irəli gəlir. Onun üçün qanun-qaydaları dərk edərək riayət etməliyik. Təklif kimi səsləndirmək istəyirəm ki, yol hərəkəti qaydaları məktəblərdə tədris olunsun. Belə olan halda qaydaları bilən şəxs 18 yaşında nəzəri biliklərə malik sürücü olacaq.

- Bizim ən yaralı yerimiz tıxac və sıxlıqdır. Niyə bu məsələ hələ də öz həllini tapa bilmir?

- Qeyd etdiyim kimi, ölkəmizdə avtomobilləşmə getdi. Bu, özü ilə bərabər müəyyən problemlər gətirdi. Tıxac o zaman baş verir ki, yolun N kəsiyindən keçən nəqliyyat vasitələrinin sayı durmadan artır, sonda dayanır. Hələ də həll tapmamasına səbəb kimi avtomobilləşmənin səviyyəsinin yüksək olmasını göstərə bilərəm. Buna paralel olaraq yeni yolların inşası da gedir. Digər yolları daha da genişləndirə bilmirik, yolun sol və sağ tərəfində binalar var. Ona görə, infrastrukturu qurmaq çətindir. Biz müəyyən dərəcədə tənzimləməni keçirə bilsək, eyni əhəmiyyətə malik kəsişmələrdə hərəkətin idarə edilməsi ilə nəticələnə bilər. Lakin bu prosesi tamamilə dayandıra da bilmərik. Vətəndaşa "avtomobil alma" demək olmaz. İnsanların yeni avtomobil və ev alması iqtisadi uğurdur.

- Avtobus zolaqları haqqında nə düşünürsünüz? Sürücülər və piyadalar niyə çaşqınlıq içindədir? Bu da qəzaların artmasına səbəb olur. Avtobus və velosiped zolaqları düzgün yerlərdə çəkilib?

- Velosiped zolaqlarının ilk çəkildiyi vaxtlar insanlar bunu birmənalı qarşılamırdılar. Tədricən buna öyrəşdik. Avtobusun içindəki sərnişinlər digər avtomobillərin dayandığını görüb bundan məmnun qalırlar. Bu proseslər vaxt aparır, yoluna düşəcək. Zaman lazımdır. Elə bil dünyəvi prosesdir ki, biz də bu dünyanın parçasıyıq. Dünyanın iri şəhərlərində tətbiq olunan yeniliklər bizə də gəlib çatır. Bu qaydalara alışmağımız vaxt aparır. Elə ərazilər var ki, avtobus zolağında, kəsişmələrdə qırıq xətlər qeyd edilib. Buna rəğmən həyətlərə giriş-çıxış yerlərində avtobus zolağı çəkildiyi üçün insanlar bu ərazilərə daxil ola bilmirlər.

- Sürücülər şikayət edirlər ki, sərnişini düşürə bilmirik. Yolun ortasında düşürürük, bir cərimə, avtobus zolağında başqa cərimə yazılır. Bəs nə edək?

- Bu proseslər nizamlanma mərhələsindədir. Söhbət taksilərin avtobus zolağına daxil olmasından gedir. Avtobus zolaqları çəkilən zaman belə bir məsələ gündəmdə idi ki, taksilərin avtobus zolaqlarından birgə istifadə etməsi ilə bağlı qərar qəbul ediləcək. Sonradan durğunluq vəziyyətində qaldı. Sosial şəbəkələrdə görürəm ki, bu məsələ hələ də gündəmdədir. Ona görə də, bu kimi hallar növbəti mərhələlərdə olacaqdır. Sərnişinin sol zolaqda mindirilməsi taksi dayanacaqlarının olmaması ilə bağlıdır. Ona görə də, taksilər üçün əlavə ərazilərin ayrılması, pulsuz, ödənişli dayanacaqların tətbiqi mərhələli şəkildə olacaq. Burada əsas amil yerdir. Buna ərazi də imkan verməlidir. Müəyyən qurumlar vasitəsilə razılaşdırılaraq həllini tapan məsələdir.