Bu şəxslər üçün imtahana qeydiyyat aparılır

12 Dekabr 2024 07:46 (UTC+04:00)

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək növbəti imtahana qeydiyyat elan edilib. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. Müəssisələrin qiymətləndirilməsi;

5. Qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. Təbii sərvətlərin qiymətləndirilməsi;

8. Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. Xidmətlərin qiymətləndirilməsi.

Ali təhsilə və üç ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir və məbləği 98 manatdır. İmtahan vermək istəyən şəxslərin Mərkəzin internet saytında şəxsi kabineti olmalıdır. Onlar 2025-ci il yanvarın 13-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 2025-ci il yanvarın 30-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə maksimum 30 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.

Xatırladaq ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə aşağıda göstərilən istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.