Azərbaycan və Türkiyə ƏS Fondları məlumat mübadiləsini müzakirə edib - FOTOLAR

5 Dekabr 2024 14:10 (UTC+04:00)

Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Fatin Rüştü Karakaş, fond rəhbərinin müavini və “YAZ Bilgi Sistemleri” İdarə Heyətinin sədri Melek Küreeminoğlu, “YAZ Bilgi Sistemleri”nin baş direktoru Fatih Hastürk və biznesin inkişafı üzrə meneceri Gökberk Yılmazdan ibarət nümayəndə heyəti ölkəmizdə rəsmi işgüzar səfərdə olub. SİA xəbər verir ki, məqsəd rəsmi görüşün keçirilməsi, təcrübə mübadiləsi və hər iki təşkilatı maraqlandıran məsələlərin müzakirəsi olub.

Səfərin ilk günü nümayəndə heyəti Şəhidlər xiyabanı, Fəxri xiyaban və Bakıdakı “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Səfərin ikinci günü hər iki fond arasında geniş tərkibdə rəsmi görüş keçirilib.

Görüş ƏSF-nin icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlanıb, daha sonra fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru tərəfindən qurum barədə ümumi məlumatı əks etdirən, Maliyyə Departamentinin direktoru Vüqar Aslanzadə tərəfindən fondun maliyyə vəziyyəti barədə, Hüquq Departamentinin direktoru Azər Əmirov tərəfindən hüquqi məsələlərlə bağlı, IT və təhlükəsizlik departamentinin direktoru Emil Quliyev tərəfindən fondun fəaliyyətində informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı təqdimatlarla, habelə qarşılıqlı müzakirələr və məlumat mübadilələri ilə davam edib.

Görüş çərçivəsində Türkiyə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Fatin Rüştü Karakaş Türkiyədə əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətləri haqqında ümumi məlumatları əhatə edən təqdimatla çıxış edib.

Eyni zamanda, ƏSF-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları ilə “YAZ Bilgi Sistemleri” şirkətinin nümayəndələri arasında həmin şirkətin təklif etdiyi xidmətlər, məhsullar və Türkiyə Əmanətlərin Sığortalanması Fondunda tətbiq edilən informasiya texnologiyaları həlləri barədə təqdimatları və məlumat mübadiləsini əhatə edən ayrıca görüş keçirilib.