Ağ Evdən verilən açıqlamada Çinli kiber hücumçuların ən az 8 Amerika telekommunikasiya şirkətini hədəf aldığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, buna uyğun olaraq, Çin kiberhücumçuları "Duz Tayfunu" adlı böyük kiberhücumda "Verizon", "AT&T" və "Lumen" kimi böyük xidmət təminatçıları da daxil olmaqla 8 Amerika telekommunikasiya şirkətini, eləcə də bəzi digər ölkələri hədəfə alıblar.
Hücumçuların, xüsusən də hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə etdiyi bildirilib. Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma başlanarkən, bu qurumların "Microsoft" və "Google" kimi şirkətlərlə birlikdə çalışdığı qeyd edilib.