Somalidə "Əl-Şəbab"a ağır zərbələr endirilib

4 Dekabr 2024 19:25 (UTC+04:00)

Somalidə "Əl-Şəbab" terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 27 terrorçu zərərsizləşdirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Somalinin Milli Təhlükəsizlik və Kəşfiyyat İdarəsi (NISA) ölkənin Mərkəzi Şabel bölgəsində "Əl-Şəbab" terror təşkilatına qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.

Açıqlamada əməliyyat nəticəsində təşkilatın 27 üzvünün zərərsizləşdirildiyi qeyd edilib.

Bəyanatda bölgə sakinlərinə qarşıdurmaların yaşandığı bölgələrdən uzaq durmaları və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

"Bu əməliyyat bölgədəki terror ünsürlərini təmizləmək üçün davam edir. Əməliyyat zamanı Somali xalqına zərər verməyə davam edən "Əl-Şəbab" silahlıları hədəf alınacaq'',-deyə bəyanatda vurğulanıb.

Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar törədən "Əl-Şəbab" təşkilatına qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.

2004-cü ildə Somalidə qurulan "Əl-Şəbab" paytaxt Moqadişu da daxil olmaqla müxtəlif şəhərlərdə otelləri, dövlət qurumlarını və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirir.