"Türkiyə də daxil olmaqla, bölgədəki tərəfdaşlarla əlaqə saxlayırıq"

4 Dekabr 2024 17:54 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şimalındakı hadisələrlə bağlı Türkiyə ilə təmasda olduqlarını bəyan edib.

SİA-nın məlumatına görə, Pentaqonun sözçüsü general-mayor Pat Ryder gündəlik mətbuat konfransında Suriyanın Hələb şəhəri və ətrafındakı hadisələrlə bağlı sualları cavablandırıb.

Pat Ryder Suriyada dəstəklədikləri bölücü terror təşkilatı PKK/YPG-yə bağlı Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlığın yalnız DEAŞ-la mübarizə çərçivəsində olduğunu bildirib və ABŞ hava qüvvələrinə məxsus təyyarələrin Suriya rejiminə aid bəzi hədəfləri vurduğuna dair xəbərləri təsdiqləyib.

Ryder rejim qüvvələrinə aid bir T-64 tankı və raket batareyalarının zərərsizləşdirildiyini və bu hücumların SDQ-yə dəstək deyil, bölgədəki Amerika əsgərlərini qorumaq məqsədi daşıdığını qeyd edib.

Ryderdən Hələbi ələ keçirən müxalif qrupların separatçı terror təşkilatı PKK/YPG ilə qarşı-qarşıya qalması halında ABŞ-ın hansı münasibət sərgiləyəcəyi soruşulub.

“Biz DEAŞ-a qarşı mübarizəmiz zamanı SDQ-ni dəstəklədik. Bizim Suriyadakı varlığımız DEAŞ-a qarşı mübarizə aparmaqdır və bu diqqət mərkəzimiz dəyişməyəcək”, - deyə o, cavab verib.

ABŞ sözçüsü onu da deyib ki, Suriyanın şimal-qərbində baş verən hadisələri izləyərkən açıq ünsiyyət xətlərimizi təmin etmək üçün Türkiyə də daxil olmaqla, bölgədəki tərəfdaşlarla əlaqə saxlayırıq”.