Milli Məclisin komitə sədri Kəngərli rayonunda növbəti vətəndaş qəbulu keçirib

4 Dekabr 2024 17:44 (UTC+04:00)

2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov Kəngərli rayon Qarabağlar kənd İcra nümayəndəliyində vətəndaş qəbulu keçirib. SİA-nın verdiyi məlumata görə, qəbulda Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva və Qarabağlar kənd İcra nümayəndəsi Ramal Qənbərov iştirak edib.

Qəbulda müraciət edənlər şəhid ailələri, müharibə veteranları, kəndin ağsaqqalları və sakinləri olmuşlar.
Qəbul zamanı Siyavuş Novruzov şəhid ailələrinin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib, eyni zamanda vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilib.