"Qərbdən bu gün yeni planlar həyata keçirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Dekabr 2024 16:56 (UTC+04:00)

“Qərbin və Avropa dairələrinin Cənubi Qafqaz üzərindən riyakar və məkrli planlar həyata keçirməsinin uzun illərdir ki, şahidiyik. Öz siyasi hökmranlıqlarını təmin etmək üçün Azərbaycana qarşı da bu cür ideoloji təhdidlər və təxribatlara cəhd olunub. Amma Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu cür təhlükəli proseslərin qarşısı alınıb və daim neytrallaşdırılıb. Lakin bunu Gürcüstanla bağlı deyə bilmirik. Çünki Gürcüstan üzərində Qərb ölkələri daim öz üstünlüklərini qoruyub, saxlayıblar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, uzun illər Gürcüstanın QHT-ləri külli miqdarda vəsaitlə təmin olunub, Gürcüstan hakimiyyət orqanlarında çox ciddi dayaqlar əldə olunub: “Bununla da Gürcüstanın idarə olunması, hakimiyyət orqanlarının əldə saxlanılması təmin olunub. Amma ötən bir il ərzində Gürcüstanda yeni siyasi qüvvələr ortaya çıxıb. Bununla da gürcü xalqının gələcəyə baxışları dəyişdi. Orada “Xarici agentlər haqqında” qanun qəbul olundu. Gürcüstan prezidenti Qərb meyilli olduğu üçün bu qanunun qəbul edilməsinı veto qoymuşdu, amma gürcü ictimaiyyəti öz qətiyyətli mövqeyini qoruyub saxladı. Xalqın iradəsi təmin olundu və Gürcüstan bununla da öz gələcəyi, müstəqilliyini müəyyən etdi.

Amma təəssüf ki, Qərbdən bu gün yeni planlar həyata keçirilir. Gürcüstanda təxribatçı qüvvələr ölkədə asayişi pozmağa vadar edilir, bu istiqamətdə Qərbin xüsusi planları işə salınıb. Bəzi qruplaşmalar, radikal qüvvələr küçələrdə iğtişaşlar törədirlər. Bunların fonunda Qərb dairələri yeni təxribatlar törətməyə hazırlıqlar keçirirlər. Amma gürcü xalqı son dərəcə ayıq-sayıqdır və bütün prosesi yaxşı anlayırlar. Buna görə də təxribatların qarşısının alınması istiqamətində müsbət nəticələr olacaq”.