"Artıq 5 gündür ki, Gürcüstan hakimiyyətinin qərarına, Avropaya inteqrasiyanın 2028-ci ilə qədər dayandırılması qərarına qarşı mitinqlər, etirazlar davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, bu da çox böyük ərazini tutur: "Təkcə Tbilisidə yox, digər şəhər və rayonlarda, hətta dağ kəndində də buna qarşı etiraz edirlər. Bunun da əsası var. Çünki Gürcüstan uzun illərdir ki, Avropa İttifaqına daxil olmaq üçün iş aparırdı. Eyni zamanda Gürcüstanın Avropa İttifaqına vizasız rejimi var. Gürcüstan gənclərinin çoxu Avropaya gedir, orada işləyirlər. Gürcüstanda elə də iş yerləri yoxdur. Avropa onlar üçün həyat mənbəyidir. Ona görə də, onların indiki hakimiyyətinin Avropaya inteqrasiyanı dayandırması əhali üçün çox ağır xəbər oldu. Bundan istifadə edən, Avropa tərəfindən maliyyə dəstəyi alan radikal müxalifət əhalini meydanlara çağırdı. Bunun da başında müxalifəti dəstəkləyən Gürcüstanın prezidentidir.
Salome Zurabişvili Fransada dünyaya gəlib, gürcü əsillidir. Sonra Saakaşvilinin dövründə Gürcüstana dəvət olundu, Xarici İşlər naziri təyin olundu, Gürcüstan vətəndaşlığı verildi. Ancaq bir ildən sonra o, Saakaşvilinin əleyhinə çıxdı. Hazırdakı hakimiyyətlə də onun yolları ayrılıb. Gürcüstan hakimiyyəti də onu Avropa İttifaqının xarici agenti kimi bildirir. Dekabrın 14-də Gürcüstanda Prezident seçkiləri keçiriləcək. Artıq hakimiyyətin namizədi var. Ondan sonra da 29 dekabrda Salome Zurabişvili öz iqamətgahını boşaldacaq deyə bildirirlər.
Bu etiraz mitinqlərində həbs olunanlar var. Vəziyyət getdikcə gərginləşir. Buna rəğmən də ABŞ Gürcüstanla strateji müttəfiqlik planını dayandırdı. Artıq bəyan etdilər ki, Gürcüstanla strateji aktlarını dayandırırlar. Eyni zamanda Avropa İttifaqı da Gürcüstanda seçkilərin normal keçmədiyini və müxalifətə qarşı aparılan aksiyaların düzgün olmadığını bildirir. Yenidən seçki keçirilməsini tələb edirlər. Artıq Gürcüstan hakimiyyətində müəyyən qopmalar var, xarici işlər nazirinin müavini istefa verdi. Həm də Gürcüstanın 5 ölkədə səfiri Avropa inteqrasiyasının dayandırıldığına görə hakimiyyətə qarşı etirazını bildirib, istefa verdilər. Bunun düzgün qərar olmadığı ortadadır. Hesab edirəm ki, bu da hakimiyyətin törətdiyi çox böyük səhvdir".
"NATO-ya üzv olmaq Gürcüstan konstitusiyanın 78-ci maddəsində öz təsdiqini tapır. Konstitusiyadan götürülməmiş yeni hökumət formalaşan dövrdə belə bir açıqlama vermək yanan ocağa benzin tökmək kimi bir şeydir. Bu da çox böyük səhvdir. Hakimiyyət bunu düzgün anlamadığını bildirir. Bu mənada vəziyyət gərgindir. Nə ilə nəticələnəcəyini bilmək çətindir. Çünki vəziyyət hər gün dəyişir. Aksiyalar daha geniş ərazini tutur. Hesab edirəm ki, bu etirazların arxasında Avropa durur. Avropa etirazlar başlamamışdan əvvəl bildirdi ki, Gürcüstana ayrılan 100 milyon avronu müxalifətə göndərəcəklər. Müxalifət maliyyələşdirilir. Onlar da bundan istifadə edərək əhalini mitinqlərə səsləyirlər. Daha ağır olan məsələ də ortaya qoyuldu. Prezident məktəblilərin də aksiyaya qoşulmasını istədi. Dünənki mitinqdə 13-15 yaşlı məktəblilərin olması televiziyada göstərilir. Bu da gələcəkdə ağır nəticələr verə bilər. Hesab edirəm ki, müxalifət və hakimiyyət görüşüb bu çətin vəziyyətdən Gürcüstanı çıxarmalıdırlar" - deyə o, əlavə edib.