"Ölkəmiz əleyhinə fəaliyyət göstərən şəxslər mövcuddur" - MÖVQE BİLDİRİLDİ

4 Dekabr 2024 15:44 (UTC+04:00)

“Qonşu Gürcüstanda baş verən proseslər onu deməyə əsas verir ki, Qərb QHT-lər vasitəsilə ölkələrin daxili işlərinə qarışır, ölkə daxilində ictimai-siyasi vəziyyəti pozur və öz geopolitik məqsədlərini güdürlər. Azərbaycanda da Qərb QHT-lərinin uzun müddət ərzində “fəaliyyəti”, eləcə də destruktiv məqsədləri mövcud idi. Lakin Azərbaycan dövlətinin vaxtında atdığı primitiv addımlar bütün təhlükələri neytrallaşdırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, mediada və vətəndaş cəmiyyəti sahəsində aparılan uğurlu islahatlar bu gün də göz qabağındadır: “Digər tərəfdən hələ də müxtəlif mediaları Azərbaycanda saxlamaq, onlara maddi dəstək göstərmək yönündə fəaliyyəti ara-sıra müşahidə edirik. Amma bunun da qarşısı alınır. Çünki “Toplum Tv”, “Abzas media”, “Mikroskop media”, “Azad söz” kimi kanallar burada çaşqınlıq yaratmaq, ölkəmiz haqqında səhv informasiyalar ötürmək məqsədlərini irəli sürürdülər. Sözügedən media qruplarının arxasında Almaniya, Fransa, ABŞ kimi müxtəlif dövlətlər dayanırdı. Xüsusilə biz bunu hazırki proseslərdə aydın şəkildə görürük. Xüsusi xidmət orqanlarının dəsti xətti aydın şəkildə özünü göstərirdi.

Bu gün də müxtəlif ölkələrdə özlərinə yer taparaq ölkəmiz əleyhinə fəaliyyət göstərən şəxslər mövcuddur. Həmin şəxslər hər zaman öz çıxışlarında həqiqətdən uzaq və Azərbaycan dövlətçiliyinə qarşı mövqe ortaya qoyurlar. Hesab edirəm ki, bunun da ömrü çox çəkməyəcək. Çünki Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Vətən müharibəsi və ondan sonrakı dönəmdə də bu birlik və həmrəyliyi gördük. Bütün xalq vahid şəkildə dövlətin maraqları ətrafında birləşib və bu proses bu gün də davam edir”.