"Ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və təfərdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktiki tədbirlər icra edilir". Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi SİA-ya açıqlama verib.
Qurumdan bildirilib ki, bulinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir: "Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır. Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi 300-dən çox məktəbdə həmin qaydaların tələblərinə əsasən bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır. Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir davam edən layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir.
Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür".