15 və 16 yaşlı futbolçular üçün seleksiya məşqləri keçirilib - FOTOLAR

4 Dekabr 2024 11:29 (UTC+04:00)

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya məşqləri keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, məşqlərdə Muxtar Respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib.

Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan”ın akademiyasında çalışan məşqçilər potensiallı və perspektivli futbolçuları müəyyən ediblər.

Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaqlar. İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan”nın akademiyasına qəbul olunacaqlar.

Qeyd edək ki, bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq. Növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.