Bakı metropoliteninin işində problem yaranıb. SİA məlumat verir ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.
"Qatarlar tuneldə getdiyi qədər də hər platformada dayanır. Hər platformada ən azı 2-3 dəqiqə gözləyirlər", - deyə şikayətdə bildirilir.
Məsələyə "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov münasibət bildirib.
Qurum rəsmisi bildirib ki, hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur:
"Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".
O qeyd edib ki, dispetçerlər əsasən tənzimlənməni və interval pozuntularının qarşısını almaq üçün mümkün bütün tədbirləri görürlər.
"İkinci vacib məqam, stansiyada və yaxud tuneldə qatarın normadan artıq dayanmasdır. Qatarın stansiyanı vaxtında tərk edə bilməməsi nəticəsində intervalda da problemlər yaranır. Çünki qatarların xətlərdə hərəkətinə icazə verən sistem müəyyən məsafədən sonra digər qatarın yaxınlaşmasına, hətta maşinist istəsə belə, imkan vermir.
Bu səbəbdən də qeyd olunan gözləmələr yaranır. Hazırda dispetçerlər bu gün daha çox hiss olunan yubanmaların aradan qaldırılması üçün bütün qüvvələrini səfərbər ediblər", - deyə açıqlamada qeyd olunur.