Ər-Riyadda “Yaşıl gələcək üçün su davamlılığı" forumu keçiriləcək

4 Dekabr 2024 08:12 (UTC+04:00)

Dekabrın 4-də Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) çərçivəsində "Yaşıl gələcək üçün su davamlılığı" forumu işinə başlayacaq. SİA Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, forum çərçivəsində su resurslarının idarə edilməsinin yaxşılaşdırılması və onların səmərəliliyinin artırılması yolu ilə davamlılığının təmin edilməsi üçün müxtəlif təşəbbüslər təqdim ediləcək. Forum dekabrın 13-dək davam edəcək.

Forumun açılış sessiyası "Səudiyyə Ərəbistanı üçün daha yaşıl gələcəyin qurulmasında su resurslarının rolu" mövzusunda olacaq. Bundan əlavə, "Quraq və çox quraq bölgələrdə su resurslarının davamlı idarə edilməsi" adlı yüksək səviyyəli panel iclası təşkil olunacaq. İclasda ərəb ölkələrinin su resursları nazirləri, mütəxəssislər və beynəlxalq su sektorunun liderləri iştirak edəcək. Tədbirdə su istehsalı və emal xərclərinin azaldılmasına töhfə verən texnologiyalardan istifadə imkanları, bərpaolunan su resurslarının rolu və su qıtlığı olan bölgələrdə idarəetmə üsulları müzakirə olunacaq.

Forum çərçivəsində bir sıra təşəbbüslər də elan ediləcək. Bunlardan ən diqqətəlayiqi "Zərqa" təşəbbüsüdür. Təşəbbüs Səudiyyə Ərəbistanında qadınların su sektorundakı rolunun gücləndirilməsini hədəfləyir. "Müsbət su balansı" təşəbbüsü isə təmiz su mənbələrində davamlılığın təmin edilməsinə töhfə vermək məqsədi güdür. Eyni zamanda, su istehlakının azaldılması üzrə əlavə təşəbbüslər də təqdim ediləcək.

Forum çərçivəsində qeyri-kommersiya sektorunda əməkdaşlıq müqavilələri imzalanacaq, beynəlxalq təşkilatlar tərəfindən su sahəsində qabaqcıl siyasət və qanunlar təqdim olunacaq.