Ukrayna və ABŞ enerji sektorunda 825 milyon dollar dəyərində əməkdaşlıq memorandumu imzalayıb. Sənəd Ukraynada kritik infrastrukturun bərpasını və enerji sektorunda islahatları nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və ABŞ dövlət katibi Antoni Blinken NATO-nun mənzil-qərargahında Ukrayna və ABŞ hökumətləri arasında Ukraynanın enerji sisteminin davamlılığının təmin edilməsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memorandum Amerikanın ümumi məbləği 825 milyon dollara qədər olan yardım imkanını nəzərdə tutur.
Sənəd Ukraynanın enerji sisteminin dayanıqlılığını yaxşılaşdırmaq, xüsusən, kritik infrastrukturun bərpası, enerji sektorunda islahatlar, müharibədən sonra aşağı karbonlu, rəqabət qabiliyyətli və Avropaya inteqrasiya olunmuş iqtisadiyyata keçidi təşviq etmək üçün normativ baza yaradır.