Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin hücumları səbəbindən Qəzzada yerli qida sistemlərinin çökdüyünü və ən mühüm narahatlıqlardan birinin qidaya çıxışın olduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib. O, Qəzzada ərzaq təhlükəsizliyinin hər gün daha da pisləşdiyini vurğulayaraq, insanların hər gün daha çətin vəziyyətlə üzləşdiyini qeyd edib.
Stefan Dujarrik Qəzzadakı çörək sexlərinin əhəmiyyətinə diqqət çəkərək, yanacaq və un olmadığı üçün bu obyektlərin fəaliyyət göstərmədiyini bildirib.
Humanitar yardım işçilərinin İsrailin quru və hava hücumları nəticəsində yerli qida sistemlərinin məhv edildiyi barədə xəbərdarlıq etdiklərini ifadə edən Dujarrik ən böyük narahatlıqlardan birinin qidaya çıxış olduğunu vurğulayıb.